Logo

“Lənkəran şəhərinin mədəni inkişaf strategiyası” Avropa İttifaqı tərəfindən qalib seçilib - FOTOLAR

26.09.2022 11:55 110 baxış
IMG

“Lənkəran şəhərinin mədəni inkişaf strategiyası” Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirilən “EU4Culture” (“Avropa İttifaqı mədəniyyət naminə”) layihəsinin “Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişaf və sosial rifah üçün mühərrik kimi mədəniyyət və yaradıcılığın təşviqi” qrant müsabiqəsində qalib olub.

Tehsil.biz xəbər verir ki, bu münasibətlə sentyabrın 23-də Lənkəran şəhərində təqdimat keçirilib. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, tərəfdaş ölkələrin ölkəmizdəki səfirlikləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib.

İlk olaraq layihə haqqında geniş məlumat diqqətə çatdırıldı. Avropa İttifaqının “EU4Culture” layihəsinin yerli əlaqələndiricisi Firuzə Bağır bildirib ki, 2021-ci ilin may ayında elan edilən proqram Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və regionlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihənin ölkəmiz üzrə həyata keçirilməsində tərəfdaş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir: “Layihə çərçivəsində alınan qrant hesabına şəhərlər üçün mədəniyyət strategiyası hazırlanacaq. Gələcəkdə növbəti mərhələdən uğurla keçəcək şəhərlər üçün strategiyanın həyata keçirilməsi məqsədilə 300 min avro qrant ayrılması nəzərdə tutulub. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra ölkə üzrə Şəki, Xırdalan və Lənkəran şəhərləri öz mədəni inkişaf strategiyalarını hazırlamaq üçün 30 min avro qrant qazanıblar. Lənkəran şəhərindən layihə üçün nazirliyin Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) müraciət etmişdi”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışında diqqətə çatdırıb ki, Aİ tərəfindən Höte İnstitutunun koordinasiyası ilə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhər və qəsəbələrində mədəniyyət və yaradıcı sektoru dəstəkləmək məqsədilə 2021-ci ilin iyun ayında ümumi büdcəsi 40 milyon avro olan “EU4Culture” qrant müsabiqəsi elan olunmuşdu: “Bu layihə Avropa İttifaqı tərəfindən hazırlanmış ən böyük mədəniyyət proqramlarından biridir. Lənkəran şəhərinin bu layihədə qalib olması bizləri sevindirir. Bu qrant vasitəsilə şəhərdə mədəni layihələri dəstəkləməklə orta sahibkarlığın da inkişafına təkan veriləcək.  Mədəniyyət cəmiyyət üçün universal dəyərə malikdir. Avropa İttifaqının gündəmdə olan əsas prioritetlərindən biri də mədəniyyət sahəsidir və əməkdaşlığın mühüm mövzularındandır. Mədəniyyət sahəsinin inkişafına yönələn bu layihə insanların sosial-iqtisadi inkişafına da töhfədir. 

Çıxışının sonunda layihənin tərəfdaşlarına təşəkkürünü bildirən Peter Mixalko layihənin simvolik kubokunu Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova təqdim edib.

Şahin Şahbazov “EU4Culture” layihəsi çərçivəsində elan edilən “Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişaf və sosial rifah üçün mühərrik kimi mədəniyyət və yaradıcılığın təşviqi” qrant müsabiqəsində qalib olmalarından məmnunluğunu ifadə edərək dəstək olan təşkilatlara minnətdarlığını dilə gətirib. Layihə çərçivəsində Lənkəran şəhərinin mədəni inkişaf strategiyasının hazırlandığını diqqətə çatdıran RMİ-nin rəisi layihənin uğurla reallaşacağına ümidvar olduğunu bildirib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, bu gün nazirliyin qarşısında duran məqsədlərdən biri də mədəniyyətin iqtisadiyyata çevrilməsidir: “Müxtəliflik mədəniyyətimizi rəngarəng edir. Ölkəmiz Avropa İttifaqı ilə bir sıra sahələrdə əməkdaşlıq edir. Bunlardan biri də mədəniyyət sahəsidir. Bizim bu sahədə böyük potensialımız var. Layihə qeyri-paytaxt şəhərlərə həsr olunub. Amma mən bu layihəni “hər şəhər bir paytaxtdır” – deyə adlandırardım. Məqsədimiz ilk növbədə mədəni dəyərlərimizə diqqət və qayğı ilə yanaşaraq onları təbliğ etməkdir. Lənkəran camaatı öz nemət və dəyərləri ilə fəxr edərək bu dəyərləri bu bölgənin inkişafına həsr etməklə töhfələr verə bilərlər. Bu gün dünya bərpaolunan enerji mənbələri haqqında danışır. Azərbaycan üçün mədəniyyət ən zəngin mənbədir. Biz bu mənbəni, mədəniyyəti iqtisadi inkişafa səfərbər etməliyik. Biz bu gün regional mədəniyyət idarələrini bölgələrdə yerləşən mədəniyyət müəssisələrinə idarəedici kimi deyil, bu sahənin inkişafına iqtisadi töhfələr verən koordinator kimi görürük. Layihəyə dəstək verən təşkilatlara təşəkkür edirəm.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışı zamanı əlamətdar hadisə münasibətilə bütün lənkəranlıları təbrik edib. Bildirib ki, bu qalibiyyət Lənkəran üçün xüsusi önəm kəsb edir. Taleh Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin əsas tərəfdaşlığı ilə həyata keçiriləcək layihənin tarixi və mədəni irsinin təbliğinə xidmət edəcəyini və sosial inkişafına töhfə verəcəyini vurğulayıb.

Beynəlxalq kulinariya çempionatında Lənkəranın ilk kulinariya komandasının  1-ci yeri qazandığını deyən icra başçısı Prezident İlham Əliyevin və Birinci vitse- prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində “Cənub mirvarisi” olan Lənkəran şəhərinin UNESCO-nun “qastronomiya” tematikası üzrə 2021-ci ildə “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildiyini bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində kitabxana, muzey, qalereya və regionda fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsi, eləcə də şəhərin mədəniyyət potensialının artırılması və regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsi önəmlidir.

Təqdimatda çıxış edən Fransanın ölkəmizdəki səfiri Zakari Qros, Avropa İttifaqının regional tədqiqatlar üzrə koordinatoru Marika Jabua Lənkəran şəhərinin sakinlərini təbrik edərək layihənin reallaşmasında uğurlar arzulayıblar.

Qeyd edək ki, müsabiqəyə Azərbaycan üzrə səkkiz şəhər müraciət etmişdi: Lənkəran, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şirvan, Xırdalan və Şəki. Lənkəran şəhəri üçün müraciət Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi vasitəsilə həyata keçirilib. Layihə üzrə strategiya iki il ərzində icra ediləcək. Maliyyə dəstəyi ilə yanaşı, layihə çərçivəsində qalib şəhərin mədəniyyət sahəsində potensialının gücləndirilməsinə yönəlmiş dəstək və təlim proqramları keçiriləcək.

Xəbər lenti