Logo

“Hədəfim yüksəlmək yox, yaxşı direktor olmaqdır”

25.09.2022 18:52 104 baxış
IMG

Gənc direktor Şəlalə Məcidova: “Yaxşı idarəçi olduğumu göstərmək istəyirəm”

Təhsildə keyfiyyət müəllimdən, məktəbdə keyfiyyət direktordan başlayır. İşini bilən, idarəetməni bacaran direktor məktəbin uğurunun yarısı deməkdir. Ölkəmizdə direktorların işə qəbulu müsabiqəsinin süzgəcindən keçərək məktəblərə təyinat alan direktorlar da məhz bu prinsiplə seçilir.

Hədəfi direktor olmaq idi

2022/2023-cü tədris ilindən Şabran rayon Şəhid Cəlal Məmmədov adına Aygünlü kənd tam orta məktəbinə təyinat alan 34 yaşlı Şəlalə Məcidova məhz həmin direktorlardandır ki, özünə inanıb, ilk növbədə özü-özünü direktor kimi görüb: “Özümdə bu potensialı çoxdan hiss edirdim. İdarəetmə qabiliyyətim olmaqla yanaşı, direktorluq mənim uşaqlıq arzum, hədəfim olub. Direktorluq mənim üçün məqsəd idi”.

Məktəb idarəedicisi olmağı onun kiçik ürəyinə sığışdıran isə oxuduğu məktəbin direktoru olub: “Müəllimliyə direktor olmaq üçün gəldim. Çünki mənə stimul verən, direktorluğu xəyaldan reallığa çevirməyimə səbəb olan biri vardı. Sumqayıt şəhəri “Təfəkkür” liseyində təhsil almışam. Liseyin direktoru Bəsirə Ağayeva idealım olub. O, ağlı, savadı, hətta zəhmi ilə məni valeh etmişdi. Ona bənzəmək istəyirdim. Məhz Bəsirə Ağayeva kimi direktor olmaq istədim”.

Əvvəlcə müəllim oldu

Bu məqsədinə çatmaq üçün əvvəlcə müəllim olmalıydı, o da olub. Sumqayıt Dövlət Universitetinin məzunudur. 2006-2010-cu illərdə universitetdə fizika müəllimliyi ixtisası üzrə təhsil alıb. Elə o vaxtdan Şabran rayonunda Hacıqaraqaşlı kənd ümumi orta məktəbinin müəllimidir. Bu il isə direktorluq üzrə yarışa girib və qazanıb: “2018-ci ildən direktorların işə qəbulu üzrə müsabiqəyə qatılıram. Keçid balı 24 olan imtahanlarda əvvəl 27, sonrakı il 31 bal topladım. Amma müsahibədən keçə bilmirdim. Nəhayət, bu il həm imtahanda daha yüksək - 41 bal topladım, həm də müsahibə komissiyasını inandıra bildim”.

Kənd məktəbinin gənc direktoru

Direktor olmaq, özü də ən yaxşılarından biri kimi tanınmaq arzusunu ürəyində bəsləyərək böyüdüb. Bu vəzifə onun xəyalında deyil, planlarında əks olunub. Bir gün mütləq bu vəzifəni daşıyacağına inanıb: “Müsabiqədə şəffaflığın təmin olunduğuna əmin idim. Bütün cavan müəllimlərə demək istəyirəm ki, heç vaxt özlərinə inanmaqdan vaz keçməsinlər. Qarşılarına məqsəd qoymaqdan, həmin məqsəd üçün israr etməkdən çəkinməsinlər”.

Çoxlu planları...

Artıq məqsədinə nail olan gənc direktorun bundan sonrakı planı nədir?

Bu istiqamətdə nəinki planı var, artıq tədbirlər görməyə də başlayıb: “Əvvəla, direktoru olduğum məktəbi rayon səviyyəsində indikindən daha yuxarı səviyyəyə çatdırmağı planlaşdırıram. Hazırda mövqeyimiz o qədər də ürəkaçan deyil. Ötən tədris ili üzrə buraxılış imtahanlarında IX sinif şagirdlərimiz arasında ən yüksək 168 bal, ən az 32 bal olub. 12 məzunumuzdan 3 nəfəri ali məktəbə qəbul olunub. Müəllimlərlə danışmışam, bu istiqamətdə hərəkətə keçirik. İlk növbədə akademik göstəricilərimizə təsir edəcək addımlar atacağıq. Mən də olmaqla, hər bir müəllim şagirdlərimizlə daha çox işləyəcək. Fizika və riyaziyyat üzrə mən özüm də şagirdlərimizə əlimdən gələn dəstəyi verəcəyəm. Başqa sahələrdə də məktəbimizin şöhrət qazanmağını istəyirəm. Məsələn, qız şagirdlərimizdən birinin yaxşı tennis oynadığını öyrəndim. Valideynləri ilə danışdım ki, onun yarışlarda iştirakını təmin edək”.

Yeni hədəfləri var

34 yaşlı məktəb direktoru üçün növbəti hədəf də direktor olmaqdır, bu dəfə rayonun ən yaxşı məktəbinə: “Yüksəlmək deyil, direktor olmaq hədəfimdir. Özümü Aygünlüdə sınamaq, yaxşı idarəedici olduğumu göstərmək istəyirəm. Əgər burada uğur qazansam, rayonumuzun ən yaxşı məktəbinin direktoru olmağa iddialıyam”.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti