Logo

Qərb fırtınasına qərq olub qəribələşən qəribə qıza məktub

23.09.2022 23:37 418 baxış
IMG

Yazdığım bu məktubumla sənin həyatına güzgü tutacam. Bəlkə bəzəkli simanın altındakı çirkli ruhunu görə bildin... bəlkə... 

Səni hər zaman maddi xətt üzrə yüksələn gördüm. Mənəviyyat dirçəlişin isə oxuduqların qalaq-qalaq kitablara baxmayaraq heç vaxt pöhrələnmədi, qol - budaq atmadı.

Ey gözündə dəbli ağ eynək, əlində qalın kitab tutub metroda, avtobusda aristokrat görünən qız!

Hüqonu oxuyub bir şey anlamayan xanım! Hü-QO  isminin yalnız QO-sunu "Go To Zagatala", "Go To Tbilisi" yazaraq istirahətlərini boylamasına düzəndə həyatında, sosial şəbəkələrdə istifadə edən xanım!

Amma düşünmədin ki, mürvətin oğlu Hüqo - Cülyettaya görə, bu hümmətin qızı Cülyetta da - Hüqoya görə həyatlarını büst-bütün dəyişdi.

Onları sevgi tərbiyələndirdi. Səni isə sevgi azğınlaşdırdı. "Kimin ki qəlbində vardır hümməti, onun da yaxşılıq olur neməti" (N.Gənvəvi)

İndi bu yazdığım məktub ürəyimin deyil, ağlımın məhsuludu. Artıq yaxşını pisdən seçəcək qədər də həddi-büluğa çatmışam.

Daha ürək ilə deyil, ağıl ilə hərəkət edirəm. Ürəyim isə sadəcə bioloji funksiyasını yerinə yetirir.

Ancaq bu məktubun 2 nüsxəsini çıxarıb, birin mütləq geyimimin ürək cibinə qoyacam. Yazının altından da: "BİR DAHA ÜRƏYİMLƏ İŞ GÖRMƏYƏCƏM" - sözünü yazıb, möhürünü vurub, imzamı atacam. 

Əgər çiy süd əmmiş insanın, yəni mənim ovuc boyda qəlbim yolunu azsa onda o razılaşma sənədi ilə onun aorta damarını kökündən çıxarıb atacam. Onsuz da mənəvi ölənin, fiziki yox olmaqdan qorxusu olmaz.

Hə, yerdə qalan məktubun 1 nüsxəsini də  dərs mövzusu olduğu üçün müəlliməyə, orijinalın isə sənə göndərəcəm. Axı sən qlamursan. Hər zaman hər şeyin təbiisinə, bahalısına, orijinalına qaçmısan... 

... Hər zaman məndən istifadə edən qız, bu gün həyatımda, daha doğrusu yazımda ilk dəfə idi ki, səndən istifadə etdim: inan çox xəcalət çəkdim. Deyirəm, sən bu qədər zaman ərzində heç xəcalət çəkdinmi? Çətin!

Bu səhər sənə ürəyimi açdığım "Sahil metro"su tərəfdən keçdim. Metro bağlı idi. Elə ona yaxın sənə ilk hədiyyə aldığım dükan da bağlı idi. Ey, qədəmləri ağır qız! Kaş xasiyyətin də qədəmin çəkisində olardı. Qədəmin yalnız 8103-ə məndən gizlin sms atıb parkı gəzəndə yüngül oldu: elə xasiyyətin kimi. O zaman anladım ki, virusun tüğyan etdiyi bir vaxtda isti ocağına-evinə sığışmayan bir qız, mənim ovuc boyda qəlbimə necə sığışa, bu soyuq qəlbimi necə isidə bilər axı?!

İkimiz arasında olan sirri rəfiqəsi, bacısı, anası və başqaları ilə bölüşən qız məni necə sevə bilər axı?! 

Axı o qız Əli Kərim oxumadı...

"Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta, yada deyilməz.
Anadan əziz nə var, anaya da deyilməz." 

Sən sadəcə küyə getdin. Rayonun təzəyindən birbaşa şəhərin bəzəyinə düşdün. Bu al-əlvanlıqlar içində isə qərb fırtınasının burulğanında yoxa çıxdın.

Əsgər İsmayılov

Xəbər lenti