Logo

"İşləməyən dişləməz" və ya zəhmətə alışmaq - Bəs, əldən gedən gənclik?!

06.02.2021 14:00 1134 baxış
IMG

“Bir də baxacağıq ki, ömür keçib, biz isə gəncliyimizin ən gözəl anlarını yaşaya bilməmişik”

 

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzovun “tələbə dərsdən sonra işləyə bilər” ifadəsi cəmiyyətdə hələ də müzakirə olunan məsələlərdəndir. Deputatın fikirlərini tənqid edənlərlə yanaşı, bu təklifin normal olduğunu düşünənlər də oldu. Arqument kimi o gətirildi ki, tələbə işləyərək həm kirayə haqqı, ham evlərinə kömək edə bilər, həm də ki, əməyə yetkinlik yaşlarından alışa bilər.

 

Araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycanda işləyən tələbələr elə də, az deyil. AYNA.az həmin tələbələrin fikirlərini öyrənib. İşləyən tələbələr bunun üstün və mənfi tərəfləri barəsində fikirlərini bildiriblər:

 

Sevinc Səfail: “Azərbaycan Dillər Universitetinin Jurnalistika ixtisasında təhsil alıram. Koronavirusun başlandığı tarixdən bu yana ixtisasımla əlaqəsi və yaxınlığı olmayan sahələrdə işləməyə başlamışam. Karantin dövrünün ilk 6 ayını şəhərimizdə yerləşən klinikaların birində “reseption” vəzifəsini icra edirdim. Yerdə qalan dövrdən bu günə kimi isə tikinti-təmir sektoruna mənsub olan bir şirkətdə “Satış Meneceri” olaraq  işləyirəm. Bildiyiniz kimi, pandemiya dünyanın ən qabaqcıl ölkələrinin də iqtisadiyyatına güclü zərbə vurdu. Bu ölkələrin sırasında Azərbaycanın da adını çəkə bilərik. Ölkədəki mövcud vəziyyətlə bağlı maddi problemlərlə rastlaşdıq. Bundan dolayı işləməyim qaçılmaz oldu. Təhsil periodunda işləmək çox çətin və yorucudur. Söz yox ki, gələcəkdə öz ayaqlarım üstündə dayanmağım, öz problemlərimi başqalarının iştirakı olmadan özümün həll etməyimdə bugünkü çətinlikləri öz gücümə həll etməyimin rolu böyük olacaq. Klinikada işlədiyim zaman dərslərimlə və imtahanlarımla bağlı müdriyyətdən xüsusi icazə almışdım. Bu qayda ilə keçən ilki semestri “əlaçılıq” təqaüdünü almaqla başa vurdum. İnsan həm işləyib, həm oxuyanda tənbəlliyin nə olduğunu bilmir. Zənnimcə, bu, işləməyin müsbət tərəfidir. Əksər tələbələr işləmədikləri halda həyatın və ya təhsil almağın çətinliyindən danışırlar, halbuki əsl çətinliklərlə həm oxuyub, həm işləyən tələbələr rastlaşırlar. İşin mənfi tərəfi odur ki, sevdiklərinə, ailənə yetərincə vaxt ayıra bilmirsən. Gününün böyük hissəsi işinə və təhsilinə gedir, evə gəldiyin zaman isə danışmağa belə taqətin qalmır. Təbii ki, bunlar müvəqqəti problemlərdir. Məqsəd birdirsə, bu yolda heç nə insanı o niyyətdən döndərə bilməz. Bütün tələbələrə məsləhətim budur ki, çalışın həm oxuyub, həm də işləyəsiniz. Əziyyətdən, çətinlikdən heç vaxt qaçmayın, çünki yalnız onlar sizi sabah çox güclü, iradəli və işində peşəkar insana, işçiyə çevirə bilər”.

 

Aytən Alışova: “Bakı Dövlət Universiteti Tarix ixtisasında qiyabi olaraq ikinci təhsilimi alıram. Birinci təhsilim ingilis dili müəllimiyi üzrə olub. 5 il müəllim kimi fəaliyyət göstərmişəm. İkinci təhsil üçün ali məktəbə qəbul olduğumda, nəşriyyat sektorunda işləyirdim, hazırda da işimə davam edirəm. İşləməyin hər zaman ancaq üstün cəhətləri olub. Bu, mənə məşğul olduğum sahəni genişləndirib daha da inkişaf etmək və irəliləməklə yanaşı yeni insanlarla tanışlıq, dünya görüşümü zənginləşdirmək imkanı verir. 19 yaşımdan işləyirəm, iş həyatına atılmaq daha tez bir zamanda ictimaiyyət arasında özünə yer tutmağa imkan yaradır. Lakin həm oxumaq, həm işləmək fiziki və mənəvi baxımdan çox yorur. Hər bir işin çətinliyi olsa da, şərait baxımından komfortlu bir yerdə işləmək önəmlidir. Hazırkı işim kifayət qədər rahat və prestijli olsa da, təhsillə birgə aparmaq tək işi aparmaqdan çətin gəlir. Təhsili əlaçı tələbə kimi aparmaq, işə daim nizimalı yanaşmaq bəzən mümkünsüz hala gəlir, amma məqsəd insana mümkünsüzü də elətdirir”.

 

Əhmədova Emiliya: “Hələ ki, öz ixtisasıma uyğun işdə işləyirəm, amma bunda heç bir sistemin rolu olmayıb. Öz bacarığım və əziyyətim nəticəsində özümə gəlir mənbəyi yaratmışam. İşləmə səbəbim maddi durumdakı çətinliklər və gələcəyə investisiya yatırmaq istəyim olub. Tələbə ikən işləməyin isə üstün cəhətini görmürəm. İxtisasım müəllimlikdir. Qazandığım pul az miqdardadır. Azərbaycanda müəllimlərə verilən dəyər, hörmət göz önündədir. Bir tələbə olaraq oxumaq, ehtiyacları qarşılamaq və işləmək heç də asan deyil. Hər kəsin ailə vəziyyəti və həyatdakı şansı eyni deyil. Qısacası, bu ölkədə gənclik illərini özünü inkişaf etdirərək, əylənərək, rahat yaşamaq istəyirsənsə, ya varlı doğulmalısan ya da çox şanslı olmalısan”.

 

Aqşin Ağayev: “Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıram. İşləməyə ikinci kursdan başlamışam. İlk vaxtlar komanda şəkilində müxtəlif layihələr həyata keçirirdik. Sonra fəaliyyət sahəmi öz ixtisasıma uyğunlaşdırmağa çalışdım. İctimaiyyətlə əlaqələr (PR) sahəsi məni daha çox cəlb edirdi. İxtisasıma yaxın bir sahə olduğuna görə PR kurslarına yazıldım. Daha sonra “Aqrar İnkişaf Könüllüləri” təşkilatında PR departamentində fəaliyyət göstərdim. Bir il sonra departament rəhbəri oldum. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsində təcrübələr keçmişəm. Bu il də “DigiMark” agentliyini qurdum. Yəni nəticəyə baxdıqda məlum olur ki, işləməyim yaxşı olub. Eyni zamanda deməliyəm ki, işləmək yeni mühit, yeni tanışlıqlar qazandırır. Bunlar da gələcəkdə köməyinə çatır, müəyyən məqamlarda dəstəyin olur. Mən düşünürəm ki, tələbəlik illərindən ixtisasına yaxın sahələrdə işləməyin müsbət tərəfləri çoxdur. Bu, sənə universiteti bitirdikdən sonra təcrübəli mütəxəssis kimi yetişmək imkanı da yaradır”.

 

Günel Qarayeva: “Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasında təhsil alıram. Hazırda öz ixtisasıma uyğun işdə işləyirəm. Açığı, bu işi tapmaq elə də asan olmayıb, məlum məsələdir ki, bizdə tələbəyə qiymət verilmir. İşləmək səbəbim ixtisasım üzrə təcrübə toplamaq və xaricə getdikdə ən azından CV-mə yazmağa nələrinsə olması idi. Tələbə kimi işləməyin üstün cəhəti isə mənə görə yoxdur, xeyrini görə bilərəm, əgər o da xaricə çıxmaq mümkün olarsa. İxtisasım müəllimlik olduğundan və müəllimliyə verilən dəyər göz önündə olduğunu nəzərə alsaq, aldığım məvacib heç qane etmir, etməyəcək də - buna təsir edən amil də tələbə olmağımdır.

 

Mənfi cəhətlərinə əlavə olaraq onu deyim ki, hər yaşın ayrı gözəlliyi var, hər yaşda zamanın dadını çıxartmaq lazımdır, amma məlum olduğu kimi, bu, bizim gənclik üçün keçərli deyil. Gənclər öz gələcəyini qurmaq üçün məcburdurlar ki, böyük əziyyətə qatlansınlar, bu da ömürlərinin bir hissəsini bu yolda fəda etmək deməkdir. İllər sonra bir də baxacağıq ki, vaxt gəlib keçib, biz bu illəri yaşaya bilməmişik”.

 

Qurbanova Gülnur: “Bakı Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadı Kollecinin arxiv işi və kargüzarlıq ixtisası üzrə təhsil alıram və bu il məzun olacam. Öz ixtisasım üzrə işləməmişəm, fərqli-fərqli yerlərdə işləmişəm, amma diplomumu alar-almaz mütləq öz ixtisasımda işləyəcəm. Bir çox tələbə mənim də işləmək səbəbim maddiyyat və təcrübə qazanmaq olub. Mənə görə işləməyimin müsbət tərəfləri çox olub, yeni insanlarla tanış olmuşam, bu, məndə ünsiyyət bacarığını yaxşılaşdırıb, təcrübələr qazanmışam”.

 

Xədicə Vəlizadə: “Bakı Mühəndislik Universitetində Beynəlxalq münasibətlər ixtisasında təhsil alıram. İxtisasıma uyğun işdə işləməsəm də, ixtisasımın mənə qazandırdığı bilik və bacarıqlar sayəsində işləmişəm. İlk işim YUNESCO-da olub, həmin işdə laızm olan bacarıqları da ixtisasımda qazanmışdım. Sonrakı işlərimdə də ixtisasımdan qazandığım bilik və bacarıqların sayəsində işləmişəm. İlk vaxtlarda işləmə səbəbim təcrübə qazanmaq üçün idi. İndi isə daha çox maddi baxımdan ehtiyacım olduğu üçün işləyirəm. Doğrudur, işləyərək həm də öyrənirəm, amma hazırda işləməyim üçün maddi ehtiyac daha çox rol oyanır, çünki pandemiya və karantin rejiminin yaşatdığı iqtisadi problemlər səbəbindən universitetin ödənişində çətinliklərlə qarşılaşmışam, əslində universiteti bitirməli idim, amma ödəniş gecikdiyinə görə qalıb. Tələbə ikən işləməyin mənfi və müsbət cəhətlərinə qaldıqda isə ilk olaraq onu deyim ki, tələbəlik illəri elə bir mərhələdir ki, bu illərdə hər kəs özünə yatırım etməli, daha çox oxumalı, öyrənməli, kurslara getməli, ixtisası üzrə ixtisaslaşmağa çalışmalı, növbəti mərhələdə magistratura oxumaq fikri olanlar imtahanlara hazırlaşmalıdırlar. İşlədiyində isə bir çox hallarda bunlardan məhrum olursan, eyni zamanda da dostlarınla vaxt keçirmək, özünə zaman ayırmaq üçün imkanın ya olmur, ya da çox az olur. Bu da təbiidir, çünki çox yorulursan. Yorğunluqdan dərslərinə ayırmağa vaxtın qalmır, o da qalsın özün üçün. Həm təhsil, həm iş ikisi birarada insanı fiziki və mənəvi olaraq çox yorur. İmtahan ərəfəsində də daha çox yorulursan. Oxuyaraq işləməyin müsbət tərəfinə qaldıqda isə, ağır zamanədə yaşayırıq, bu, həm gənclər üçün belədir, həm də yaşlı nəsil üçün. Həyatımız sürətlə dəyişir, haradasa uğurlu olmaq çox çətindir. Bu vəziyyətdə əgər, sən tələbə vaxtından işləməyə başlayırsansa, elə o vaxtdan yavaş-yavaş məsuliyyət götürməyi, zamanı idarə etməyi öyrənirsən, lakin hər kəs məsələn, məni kimi şanslı olmaya bilər.

 

Mən öz ixtisasıma uyğun işdə işləyir, özümü inkişaf etdirirəm, amma çox adam tanıyıram ki, tələbədir, işlədiyi işdə inkişaf etməkdən çox sadəcə maddi ehtiyaclarını müəyyən qədər qarşılaya bilir. Belə olduqda da o həm universitet dərslərindən geri qalır, həm də özünü inkişaf etdirə bilmir. Düşünürəm ki, tələbələr maddi ehtiyac səbəbindən işləmək məcburiyyəti qalmasa, 3-6 aylıq təcrübə proqramları vasitəsilə də özlərini inkişaf etdirə bilərlər.

 

Buna görə də yaxşı olar ki, tələbələr səhərdən axşama qədər işləmək məcburiyyətində qalmasın, tələbəlik illərində enerji və vaxtlarını gələcəkləri üçün yatırım edəcəkləri bilik və bacarıqları öyrənməyə sərf etsinlər”.

 

Püstə Vəliyeva: “Bakı Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasında 2-ci kurs tələbəsiyəm. Hazırda “Uğur” kurslarında fizika müəllimi kimi fəaliyyət göstərirəm. İşləmək səbəbim universiteti bitirənədək müəyyən qədər təcrübə qazanmaq istəyim olub. İşləməyimin üstün cəhəti mənə görə “Şagird və valideynlərlə, eyni zamanda işlədiyim kollektivlə necə rəftar etməliyəm?” sualına cavab tapmaqda kömək etməsidir. Mənfi tərfi isə budur ki, özümə daha az vaxt ayırıram”.

 

Ekspert: “Təcrübə proqramına qoşulan tələbələr minimum əməkhaqqından aşağı məvacib almamaqla işə cəlb oluna bilərlər”

 

Məsələ ilə bağlı sosial hüquq və əmək qanunvericiliyi üzrə ekspert Ruslan Hümbətov AYNA-ya deyib ki, Əmək Qanunvericiliyində məhz tələbələrin işləməsi barədə konkret bir fikir göstərilməsə də, dolayısı yolla bir sıra məqamlara toxunulub: “Məsələn, Peşə təhsili haqqında Qanununda deyilir ki, təcrübə proqramına qoşulan tələbələr minimum əməkhaqqından aşağı məvacib almamaqla işə cəlb oluna bilərlər. Qanun 2018-ci ildə qəbul olunub, bunun əsasında da 2019-cu ildə Nazirlər Kabineti həmin müqavilənin nümunəvi formasını təsdiqləyib. Müqaviləyə işəgötürən, təhsil alan və göndərən təşkilat imza atır”.

 

R.Hümbətov qeyd edib ki, tələbələrin 17-18 yaşlarında olduğunu nəzərə alsaq, 18 yaşa qədər olan şəxslərin iş saatının qısaldılmış olması da qanunda öz əksini tapır: “Yəni, həmin şəxslər həftə əzrində 40 saat yox, 36 saat işləyirlər. Bundan əlavə də, həmin şəxslərə məzuniyyət fərqli verilir. 16 yaşdan 18 yaşa qədər olan şəxslərdə məzuniyyət birmənalı olaraq 35 gündür, fərqi yoxdur fəhlə işləyir, yoxsa rəhbər şəxs. Əmək Qanununun 124-cü maddəsinə görə tələbələr işlədiyi müddətdə onlar üçün təhsil məzuniyyətinə icazə verilməlidir. Məsələn imtahan sessiyalarında, müdafiə ərəfəsində və s.”.

 

Müəllif: Aləmdə Nəsib

Xəbər lenti