Logo

Dövlət İdarəçilik Akademiyasında növbəti ixtisasartırma təlimi keçirilib

05.02.2021 22:43 604 baxış
IMG

Prezident İlham Əliyev tərəfindən 2020-ci il noyabrın 24-də “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 2020-ci il dekabrın 26-da Fərman imzalanıb. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçusunun peşə səriştəliyinin artırılmasının stimullaşdırılması və əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi kimi prioritet məsələlərlə bağlı yeni yanaşmaları nəzərdə tutur. Bu yanaşmaların icraçılara çatdırılması və izahı ilə əlaqədar mərhələli şəkildə Azərbaycanın bütün regionlarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən keçiriləcək təlimlər nəzərdə tutulub.

 

Dövlət İdarəçilik Akademiyasından Turkustan.info bildiriblər ki, bununla əlaqədar fevralın 5-də “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlimin Lənkəran İqtisadi rayonunun şəhər və rayon icra hakimiyyətləri başçılarının müavinləri, aparıcı şöbələrinin müdirləri və yuxarıda qeyd olunan mövzuya aidiyyəti olan əməkdaşları üçün keçirilib.

 

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təlimin açılışında iştirak edib və dinləyicilərə uğurlar arzulayıb.

 

Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu kafedrasının müdiri dosent Rəcəb Rəhimli “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn formada dinləyicilərə mühazirə oxuyub. O, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi məqsədindən, qiymətləndirmənin müasir metodlarından, qaydalarından, meyarlarından, qiymətləndirmə nəticəsində görülən tədbirlərdən, dövlət qulluqçularının təlimlərə cəlb olunma ehtiyaclarından, o cümlədən “Dövlət qulluğu haqqında” Qanuna edilmiş son dəyişikliklərdən danışıb, ölkəmizdə son illər dövlət idarəçilik sistemində həyata keçirilən islahatlar barədə təlim iştirakçılarına məlumat verib. Məruzəçi vurğulayıb ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət qulluqçusunun gələcək karyerası üçün vacib amildir.

 

Qarşılıqlı diskussiya şəraitində keçən onlayn seminarda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti