Logo

Məktəblərdə gender bərabərliyini təşviq etmək məqsədilə müəllimlər üçün təlimlər təşkil olunub

19.09.2022 19:01 289 baxış
IMG

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birgə həyata keçirilən “EU4Gender Bərabərliyi: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı birlikdə” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində “Gender pedaqogikası” mövzusunda təlimçilər üçün təlim (ToT) proqramında Bakı, Gəncə və Lənkərandan 50-dən çox təlimçi-müəllim iştirak edib.

Təlimçilər üçün təlim (ToT) proqramının əsas məqsədi layihənin hədəf regionları olan Bakı, Gəncə və Lənkəran şəhərlərində genderə həssas akademik mühitin yaradılmasına dəstək olmaq məqsədilə məktəb və ali təhsil müəllimlərinə təlimlər və mentorluq xidmətləri göstərmək üçün usta təlimçi/müəllimlər hazırlamaqdır. Layihənin ümumi məqsədi təhsil sistemi vasitəsilə gender məlumatlılığının artırılması və gender stereotiplərinin aradan qaldırılmasıdır.

Təlim proqramı təlimçi-müəllimlərin genderə həssas pedaqogika üzrə bilik, bacarıq və yanaşmalara yiyələnməsini təmin edərək, onların həm qızların, həm də oğlanların tədris və təlim proseslərində bərabər iştirakını təmin edən genderə həssas metodologiyaların işlənib hazırlanması və istifadəsinə dair anlayışlarını artırıb.

“Layihə gender inklüzivliyinin və həssaslığın tədris və təlim təcrübələrinə inteqrasiyasını təşviq edir. Müəllimlər təkcə şagirdlərin bacarıqlarının inkişafına deyil, həm də şəxsi səlahiyyətləndirilməsinə, gələcək karyeralarına töhfə verən genderə həssas öyrənmə mühitinin yaradılmasında mühüm rol oynayır. Buna görə də layihənin təlim komponenti müəllimləri gender mövzusunda məlumatlandırmaq məqsədi daşıyır və onlara sinifdə, ümumi məktəb icmasında qız və oğlanların bərabər münasibət və iştirakçı üçün əlverişli olan tədris metodlarından istifadə etməyə kömək edir”, - bu barədə layihə rəhbəri Leyla Tağıyeva bildirib.

Layihə çərçivəsində hazırlanmış gender pedaqogikası üzrə təhsil resursları sinifdə qarşılıqlı əlaqəni genderə həssas və öyrənmə mərkəzli etmək üçün müəllimlərin gender səriştələrini artırmaqla onların peşəkar ehtiyaclarına cavab verəcək.

Növbəti mərhələdə hədəf regionlarda ümumilikdə 300 məktəb və 100 universitet müəlliminə gender pedaqogikası üzrə təlimlər keçiriləcək. Həmin təlimlər məktəb və universitet müəllimlərinin genderə həssas pedaqogika üzrə biliklərinin təkmilləşdirilməsinə, gender bərabərliyinə əsaslanan təhsil sisteminin yaradılmasının müxtəlif aspektləri haqqında məlumatlandırmasına, həmçinin bu sahədə praktiki bacarıq və səriştələrinin artırmasına yönəlib.

Sözügedən layihə çərçivəsində, həmçinin gender pedaqogikasına dair yeni hazırlanmış məzmunun ibtidai pedaqoji təhsilin kurikulumuna inteqrasiyası, eləcə də məktəb icmalarının və geniş ictimaiyyətin gender məlumatlılığının artırılması üçün davranış dəyişikliyi kampaniyalarının həyata keçirilməsi istiqamətində işlər aparılacaq.

Xəbər lenti