BMT-nin Əhali Fondu və Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun həyata keçirdiyi “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.
Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində məktəblərdə genderə həssas öyrənmə mühiti yaratmaq məqsədilə Təhsil İnstitutu tərəfindən hazırlanan Məktəbin İnkişaf Planına (MİP) gender yönümlü məsələlər inteqrasiya olunub. Belə ki, məktəbin inzibati və pedaqoji heyətinin gündəlik fəaliyyətlərdə genderə həssas yanaşmanın nəzərə alınması və tətbiqi üçün gender aspektləri bir çox inkişaf istiqamətlərinə daxil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, MİP-də öz əksini tapan genderlə bağlı məsələlərin düzgün və effektiv tətbiqində məktəb heyətinə lazımi metodiki dəstək göstərmələri üçün bir qrup metodist təlimatlandırılıb. Bununla bağlı əvvəlcədən institutun sahə üzrə mütəxəssisləri tərəfindən təlim proqramı hazırlanıb. Sözügedən təlim proqramında əsasən MİP-in hədəfləri və gender məsələlərinin inteqrasiyasının vacibliyi, MİP-ə uyğun olaraq gender yönümlü məsələlərin tətbiqində inzibati heyətə metodiki dəstək göstərməyin yolları, həmçinin valideyn və şagirdlərlə həyata keçiriləcək tədbirlərdə pedaqoji heyətə göstəriləcək metodiki dəstəyin vasitələri və digər mövzular əks olunub. Buna əsaslanaraq, cari ilin avqust ayında təşkil edilən təlim zamanı MİP-də genderə həssas yanaşma dərsdə və dərsdənkənar fəaliyyətlərə inteqrasiya edilməsi, müəllimlər və valideynlər arasında düzgün əlaqənin qurulması kimi məsələlər metodistlərə müxtəlif pedaqoji strategiyalar vasitəsilə izah edilib.
Metodistlər nəzəri biliklərlə yanaşı, bir sıra praktik tapşırıqlar yerinə yetirərək sahə üzrə öz səriştələrini təkmilləşdiriblər.