Logo

Bakıda uşaqlara işgəncə verən reabilitasiya mərkəzinin işçiləri əməllərini etiraf edib

04.09.2022 18:58 506 baxış
IMG

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Bildirilib ki, monitorinq komitə sədri Tural Hüseynovla onun müavini Elçin Şirinovun birgə iştirakı ilə keçirilib:

Monitorinq zamanı müxtəlif maddələrlə şübhəli şəxs kimi saxlanılan 9 nəfərin saxlanma şəraiti ilə maraqlanılıb.

Qeyd edilib ki, onların arasında fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzinin direktoru Nuranə Hacızadə, onun köməkçisi Səbinə Əliyarbəyli və mərkəzin psixoloqu Aytac Kazımlı da olub: "Monitorinq zamanı onların saxlanma şəraitinə baxış keçirilib. Onlarla söhbət zamanı əməllərindən peşman olduqlarını qeyd ediblər. Direktor N.Hacızadə deyib ki, onunla bağlı yayılan videoda əks olunan uşaq onun tanıdığı olub. O bildirib ki, həmin uşaq onun qucağında böyüyüb. O, həmin vaxt uşağın dırnağını tutduğunu qeyd edib və uşağa əzab vermədiyini bildirib.

A.Kazımlı da söhbət əsnasında törətdiyi əməldən peşman olduğunu bildirib. O, həmin vaxt özündə olmadığını və affekt vəziyyətində olduğunu deyib".

Məlumatda həmçinin vurğulanıb ki, onların hər biri vəkillə təmin olunub.

Saxlanılan şəxslərlə maarifləndirici söhbətlər aparılıb və uşaqlara qarşı zorakılığın yolverilməz olduğu onlara izah olunub.

Qeyd olunub ki, saxlanılan şəxslərin hər birinin ümumi vəziyyəti normaldır, saxlanma şəraiti qaydasındadır və bununla bağlı heç bir şikayətləri yoxdur.

Qeyd edək ki, sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən sentyabrın 3-də saxlanılıb.

Xəbər lenti