Elm və Təhsil Nazirliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikoloji Danışma ve Rehberlik dərnəyinin birgə əməkdaşlığı ilə "Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi çərçivəsində Türkiyədən dəvət edilmiş professor-dosent heyəti ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin də iştirak etdiyi görüşdə məktəb psixoloqlarının peşəkar inkişafı, bu istiqamətdə birgə görüləcək işlər müzakirə edilib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyədən dəvət edilmiş professor-dosent heyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən 85 nəfər qeyri-ixtisas, 135 nəfər ixtisaslı olmaqla ümumilikdə 220 nəfər məktəb psixoloqunun həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq məqsədi ilə "Məktəb psixoloqlarının ixtisasartırma və təkmilləşdirmə" təlimi də həyata keçirilib.
Təlimlərin ilk mərhələsində İnstitut əməkdaşları tərəfindən 85 nəfər qeyri-ixtisaslı məktəb psixoloquna 40 saatlıq, daha sonra ümumilikdə bütün iştirakçılara Türkiyədən dəvət edilmiş professor-dosent heyəti tərəfindən 60 saatlıq təlim təşkil olunub. Bununla yanaşı təlim prosesində superviziya saatları da keçirilib.

