Logo

Milli xəzinəmizin cövhəri - Bakı Dövlət Universiteti

01.09.2022 16:47 623 baxış
IMG

"Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür". (Cəlaləddin Əfqani)

1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti "Azərbaycan Dövlət Universiteti"ni təsis etməklə, həqiqi hökmdar olan elm Şərqlə Qərbin kəsişmə nöqtəsi - paytaxt Bakı şəhərinə köçdü. Sözsüz ki, bu işlər demokratik ziyalılarımızın sonsuz zəhməti, çəkdikləri məşəqqətlər hesabına ərsəyə gəldi. O zamanlar darülfünun açılmasına qarşı çıxanlar da az deyildi. Bu səbəbdən də Azərbaycan Dövlət Universitetinin (BDU) ilk rektoru olmuş V.İ.Razumovski bu tarixi hadisələri xatırlayaraq həmin məsələnin müsbət həllində fədakarlıq, əsl vətənpərvərlik nümunəsi göstərən Cümhuriyyət qurucularını: Nəsib bəy Yusifbəylini; Fətəli xan Xoyskini; Məmməd Əmin Rəsulzadəni; Rəşid xan Qaplanovu; Həsən bəy Ağayevi; Səmədağa Ağamalıoğlunu; Əhməd bəy Pepinovu; Cəmo bəy Hacınskini “Universitetin və maarifin dostları” adlandırır. Əlbəttə, həmin çətin dönəmdə xalqın dostları və düşmənləri də bəlli oldu.

Maarif naziri olan Rəşid xan Qaplanovun: "Darülfünunun mövcudiyyətilə biz Vətənimizi daha başqa surətdə Avropaya qarşı göstərəcək və yaşamağa layiq bir millət olduğumuzu da bir surətlə əda və isbat edəcəyik” - fikirləri isə darülfünunun açılmasının əleyhdarlarına tutarlı cavab olmaqla yanaşı, həm də xalqa elm məbədinin nə dərəcədə əhəmiyyətli olduğunu çatdırırdı.

Beləliklə, Cümhuriyyət fədailərinin zəhməti nəticəsində Azərbaycan Dövlət Universitetinin yaradılması ilə sönməz elm günəşi sonsuz səmalara qalxaraq nəinki Qərblə Şərqi, həmçinin bütün dünyanı elm nuruna boyadı. 1919-cu ilin şənbə günü, noyabr ayının 15-i Azərbaycan Dövlət Universitetində ilk dərs günü başlayır.

Bu gün maarif və mədəniyyət çırağınının əbədi şölə saçan məbədi Bakı Dövlət Universitetinin kollektivi üçün müqəddəs gündür.

Düz 101 il bundan öncə darülfünun auditoriyasında ilk mühazirə oxunmuşdur. Beləliklə, Məhəmməd Əmin Rəsulzadə, maarif naziri Rəşid xan Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmməd ağa Şahtaxtılı Azərbaycan dilinin qrammatikasından mühazirələr dedilər.

İlk tədris ilində universitetdə 1094 tələbə təhsil alırdı. Bunlardan 217 nəfəri azad dinləyici idi. Elm məbədində 12 professor olmaqla 44 müəllim çalışırdı. Universitet kitabxanasında 1920 -ci ildə 4 min 660 kitab vardı.

Qısa zaman kəsiyində əldə olunan çoxsaylı nəaliyyətlər gərgin əməyin nəticəsi və milli ruhun yüksək olmasından xəbər verirdi.

Çox təəssüf ki, 27 aprel 1920-ci il rus sovet istilası və milli dövlətimizin süqut etməsi ümummilli və dövlət əhəmiyyətli bir çox məsələləri həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə imkan vermədi. Elə buradaca ruhuna rəhmət oxuduğumuz maarif naziri Rəşid xan Qaplanovun yenə də fikrin xatırlatmağı borc bilirəm. O, deyirdi: "Bulunduğumuz əsrdə yaşaya bilmək vəsaiti - maddiyyətdən ziyadə vəsaiti-mənəviyyəyə olan elmə müvəffəqdir... İştə o, ruhu yüksəldəcək bir elm ocağı lazımdır ki, o da darülfünundan başqa bir şey deyildir..." Burada "vəsaiti-mənəviyyəyə" sözü üzərindən çıxış edərək deyim ki, Azərbaycan Sovetlər dönəmində 70 ildən artıq "yaşasa" da heç bir zaman mənəvi sarsılmadı, milli kimliyini unutmadı, Bakı Dövlət Universitetinin dünəninə sadiqliyini elm ocağında çalışan professor - müəllim - tələbə birliyinin sayəsində qoruya bildi.

Sözsüz ki, Bakı Dövlət Universiteti öz məzunu olan Ulu öndər Heydər Əliyevin sayəsində Sovet hakimiyyəti dövrünün çətinliklərinə baxmayaraq hər zaman xüsusi qayğı görüb. İşçi qüvvəsi daima dahi rəhbərin qayğısını üzərində hiss edib. 1970-1980-cı illlər Universitet tarixinin ən zəngin mərhələsini təşkil edir. Beləliklə bu dövr “Heydər Əliyev mərhələsi” kimi də qiymətləndirilir. Təsadüfi deyil ki, Universitetin 50, 60, 75 və 80 illiyi Ümummilli lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilmişdir.

Bu gün də bu ənənə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ötən ilin 26 noyabr tarixində Konqres Mərkəzində Bakı Dövlət Universitetinin möhtəşəm 100 illik yubileyi münasibətilə mərasim keçirildi. Tədbirdə çıxışı zamanı Cənab Prezident: "Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir." - fikirləri elm ocağına yaranışdan bu günə qədər verdiyi yüksək qiymətin təzahürü olmaqla yanaşı, həm də bu məbədin bütün varlığı ilə azərbaycançılıq ideologiyasına sadiqliyini də önə çəkdi.

Biz, Bakı Dövlət Universitetinin tələbə-gəncləri hər zaman Ali Baş Komandanımızın yanındayıq. 44 günlük Vətən müharibəmizin hər anında bütün qəlbimizlə, varlığımızla, fəaliyyətimizlə öz mübarizəmizi apardıq. Bu gün çox xoşbəxtik ki, haqq savaşımızdan qalib çıxaraq mənfur düşməndən əbədi və əzəli torpaqlarımızı azad etdik.

Arzu edirəm ki, dahi rəhbər Heydər Əliyevin: - “Şuşa bütün azərbaycanlılar üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir" - dediyi o möhtəşəm şəhərdə Bakı Dövlət Universitetinin Şuşa filialı açılsın.

Bu məqamda xalqına qələbə müjdəsini 8 Noyabr - Şuşanın yağı düşməndən azad olunduğu gündə çatdıran Ali Baş Komandanımızın sözlərini xatırlamağı və yazını da bu müqəddəs fikirlərlə bitirməyi özümə mənəvi borc bilirəm: "Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti