Logo

Bir şair uyuyur dağlar qoynunda - Şahanə Müşfiq yazır

26.08.2022 19:46 325 baxış
IMG

Tənqidçi Əsəd Cahangir Xalq şairi Musa Yaqubun dəfnindən sonra sosial şəbəkədə belə bir fikir paylaşmışdı: "Deyənlər var ki, Xalq şairi Musa Yaqubu gərək Fəxri xiyabanda basdıraydılar. Musa Yaqub harada dəfn edilsə, ora sözün, şeirin Fəxri xiyabanıdır. Nizaminin Gəncədə, Füzulinin Kərbəlada, Nəsiminin Hələbdə, Vaqifin Şuşada, Cavidin Naxçıvanda, Əli Kərimin Göyçaydakı məzarları hər biri Fəxri xiyaban olduğu kimi. İndi Allahla aramızda üz tutmağa daha bir ziyarətgahımız var - Musa Yaqubun Buynuzdakı məzarı!"

İllərdir sevimli şairim, saflığına, duruluğuna, təbiət və Allah sevgisinə, insan məhəbbətinə heyrətləndiyim Xalq şairi Musa Yaqubu şeirlərində vəsf etdiyi, mənliyində yaşatdığı, söhbətlərində ucaltdığı vətənində - İsmayıllının Buynuz kəndində, öz evində, ocağında ziyarət etmək arzum vardı. Təəssüf ki, ömür vəfa etmədi, Musa dədə bir səhər köçünü bu dünyadan çəkib, vətən torpağında bir ovuc torpaq olmağa yollandı. Bu da qəlbimdə arzu olaraq qaldı. Ancaq Musa dədə öz vəsiyyətiylə Buynuzda dəfn olunanda anladım ki, böyük şair onu mənzilində ziyarət etmək, sözlərin nəfəsində yaşatdığı elini-obasını görmək, onun ruhunu daha dərindən duymaq istəyənlər üçün özünə məhz bu mənzili seçdi. Bir vaxtlar sözlərinin qanadında, poeziyasının diliylə müqəddəsləşdirdiyi kəndini indi də yoxluğuyla ziyarətgaha çevirdi. Sonra da başladı mənim Buynuzda uyuyan ustadın məzarını ziyarət arzum...

Nəhayət, bu müqəddəs arzuma bir neçə gün öncə çatdım. İsmayıllıya gedəcəyimi biləndə ilk ağlıma gələn, qəlbimi riqqətə gətirən, məni həyəcana salan da bu arzu idi - Buynuza Musa Yaqubun məzarına baş çəkmək... Beləcə, yolumuza Musa Dədənin şeirlərindən cığır salaraq üz tutduq İsmayıllıya - Buynuza sarı. Düzü, Buynuza gedirdik, amma bəs Dədənin uyuduğu məzarlığı necə tapacaqdıq? Kəndə girəndən gözümüz insan axtarışında idi. Lakin səhərlə günortanın arası bir vaxt olduğundan, günün qızmar çağına düşdüyümüzdən gözümüzə kimsə dəymirdi. Kəndin içiylə gedə-gedə Xalq şairi Sabir Rüstəmxanlının Musa Yaqubun məzarını ziyarət edərkən yazdığı misralardakı təsvirin eynisini yaşayırdıq:

Evlər məni çəkmədi, Musa, məzarın çəkdi.

Qapılar bağlı, yollar boş, dağlar cansız.

Payız meşələri qan ağlayırdı,

Buynuz ögey idi doğma insansız...

Qəfil qəbiristanlığın yanından keçdiyimizi anladım. Hətta maşında olmağımıza rəğmən, Musa Dədənin yol kənarından görünən abidəsini tanıyıb dayandıq. Heyrət içində abidəyə baxırdıq. Yolu tanımadan, kimsədən soruşmadan, heç qarışıqlıq yaşamadan çox rahat şəkildə tapmışdıq Ustadın məzarını. Bilmirəm, bəlkə də o, özü tapmışdı bizi?! Bəlkə də hələ Bakıdan çıxdığımız andan bəri gözləyir, səsləyirdi bizi?! Bəlkə elə əlimizdən tutub özü gətirmişdi bizi buraya?! Nə hikmət idisə, yaşadığımız əsrarəngiz idi.

Tələsik abidəyə doğru yol aldıq. Məzarlığın elə bir yerində uyuyur ki, ustad, gəlib-keçənləri ilk özü salamlayır, özü qarşılayır. Bizi də beləcə sevinc içində qarşıladı. Hər zaman dağ bildiyimiz, şeirlərindəki dağlarla müqayisə etdiyimiz şairimiz indi özü bir dağ kimi heykəlləşmişdi qarşımızda. Sağlığında dəfələrlə görüşmək şansı tapdığım, xoş söhbətlərini, nəsihələrini bu günə kimi xatirimdə dipdiri saxladığım Musa Yaqub indi həm çox yaxın, həm də çox uzaq idi. Anası, həyat yoldaşı və qardaşıyla qol-boyun uyuduğu məzarının üzərindəki misralar isə sanki şairin ta əvvəldən arzuladığı sona yetişdiyini göstərirdi. Bəlkə də bundan idi məzar daşından boylanan gözlərindəki sonsuz hüzur:

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm bir ovuc torpağın artsın!

Musa Yaqubun uşaqlığından könül verib sevdiyi, yarım əsrdən çox zamanda qələmiylə vəsf etdiyi, könül həmdəmi, dərd ortağı seçdiyi ağaclar, dağlar, çaylar, çiçəklər onu son mənzilində də tək qoymamışdılar. Fıstıq ağacının kölgəsində, dağ çayının sahilində, dağ ətəyində uyuyan şair özü özünə etdiyi nəsihətində axır ünvanında vəsiyyət kimi sahib çıxmışdı:

Musa, bu yerlərdən uzaq düşmə heç,

Təpə kölgəsində daldalanma heç,

Arxa seçəndə də dağdan arxa seç,

Ram edər özünə zamanı dağlar.

Sakitcə xəyallara dalmışdım. Üzümü sərin meh sığallayır, qulağıma quşların civiltisi dəyirdi. Başım üstündəki ağacın yarpaqları da bu melodiyanı tamamlarcasına xışıltılarına qızırqalanmırdılar. Bütün yer üzü sükuta qərq olmuşdu. "Danışan" təkcə təbiət idi. Bir də Musa Yaqubun qəlbimdə səslənən şeirləri. Əsəd Cahangir necə də haqlı imiş. Təbiətə könül verən, kiçicik çayı, rəngarəng çiçəkləri, başı dumanlı dağları özünə kainat seçən bir şairin Fəxri xiyabanda tənhalaşmasına nə lüzum var ki?! Axı o, özü hələ xeyli vaxt qabaqdan təsvir etmişdi sonuncu mənzilini, əbədi kainatını:

Dünyaya gəlmədim hayla-harayla,

Bir sakit guşədə, bir döşdəyəm mən.

Gündüzlər günəşlə, gecələr ayla,

Səhərlər quşlarla görüşdəyəm mən.

Hansı çiçəklər ki burda uyuyar,

O çay ki, yanımdan axar sübhədək,

O yer ki nəğməmi eşidib duyar -

Mənim kainatım burdadır, demək.

Musa Dədənin görüşünə onun illər öncə mənimçün imzaladığı kitabıyla gəlmişdim. O kitab mənim şairlə xatirələrimin saxlanc yeridir. O kitabı özümlə götürərək həm xatirələrimi aparmışdım, həm də yeni xatirələrimi əlavə edirdim. Onunla qəlbimdəki söhbət, aramızda yaranan bu sükut sonsuzadək davam edə bilərdi. Nə biz onunla söhbətlərimizdən doyan idik, nə də o, bizi yola salmağa niyyətli. Ancaq vaxt gedir, zaman daralırdı. Hər şeyin bir sonu olduğu kimi, bu ziyarətimiz də bitmək üzrə idi. Ona görə də Musa Yaqubun bayaqdan əlimdə bərk-bərk tutduğum "Payıza baxıram" kitabını vərəqləyib anasının məzarı başında yazdığı "Laylay"ı tapdım. Onu həm oğlanları, gəliniylə birgə uyuyan Rəbiyyə xanımın, həm də Musa Dədənin ruhuna dua kimi oxuyub yenidən görüşmək diləyiylə vidalaşdım şairimlə:

Xeyrə alqış, şərə qarğış,

Bir yuvadı tək qaranquş,

Burda çarpış, orda çarpış -

Dincəl, əzabkeşim, laylay,

A qeyrətli kişi, laylay.

Şahanə MÜŞFİQ

Xəbər lenti