Logo

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

24.08.2022 15:02 335 baxış
IMG

Avqustun 24-də 14 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarında elana çıxarılan vəzifələrin 20-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 24-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri vəzifəsidir.

Ümumilikdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 13, Dövlət Statistika Komitəsində 6, İqtisadiyyat Nazirliyində 6, Maliyyə Nazirliyində 5, Energetika Nazirliyində 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 3, Elm və Təhsil Nazirliyində 1, Kənd Təsərrüfatı Nazirliyində 1, Dövlət Turizm Agentliyində 1, Qida Təhlükəsizliyi Agentliyində 1, Audiovizual Şurada 1, Ali Attestasiya Komissiyasında 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdir:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər sentyabrın 12-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti