"Bir qrup məktəb rəhbərlərinin və müəllimlərinin maaşlarına əlavələrin mövcud mexanizmi sosial ədavət yaradacaq".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, ümumilikdə ölkə üzrə məktəblərin 20 faizinə qədər rəhbərlərinin maaşlarına mövcud əlavələrin verilməsi şamil ediləcək, yəni ölkədəki 4500-ə yaxın məktəbin 850-dən bir qədər artığına bu əlavə məbləğlərin verilməsi mümkün oldu: "Əməkhaqqına əlavələr verilən bu məktəblər şagird sayı çox olan, əsasən şəhər və qəsəbələrdəki dövlət nəzarətinin onsuz da güclü olduğu yerlərdə yerləşir. Bu o deməkdir ki, şəhərətrafı və regionlarda yerləşən, ictimai nəzarətin belə zəif olduğu məktəblərin rəhbərlərinə bu əməkhaqqına əlavələr şamil edilmədi. Məktəb rəhbərlərinin əməkhaqlarına əlavələrin minimum məbləği belə onların vəzifə maaşlarına təqribən bərabər, maksimum həddi isə bundan dəfələrlə çoxdur. Hər hansı əməkhaqqına ondan 2,5 dəfəyə qədər, yəni minimum əməkhaqqından 5 dəfəyə qədər çox məbləğin əlavə edilməsi anlayışının iqtisadi əsasının isə mümkün olmaması tam aydındır".
Ekspertin fikirlərinə görə, belə çıxır ki, bu məbləğlərə əməkhaqları əlavə hesab olunmalıdır: "Təhsil sistemində 5 faizə qədər müəllimin əməkhaqqının 150 manat olduğu bir şəraitdə hər hansı direktorun ondan 5 dəfəyə qədər artıq maaşına 1500 manatlıq əlavənin də edilməsini ancaq hərbi demokratiya dövründə haqq qazandırmaq olar. Beləliklə sertifikatlaşmadan sonra belə 5000 müəllimin ən yaxşı halda 200 manat maaş alacağı halda hansısa bir direktorun 2000 manat civarında maaş alması təhsil müəssisələrində sosial ədavət yaradacaq. Ölkə məktəblərində çalışan müəllimlərin 60 faizə qədəri 18 saatdan az dərs yükünə malikdirlər və bu o deməkdir ki, onlar 1 stavka həcmində belə maaş almaq imkanından məhrumdurlar".
Kamran Əsədov bildirib ki, hazırda ortalama 500 manat civarında maaş alan ölkə müəlliminin əməkhaqları sertifikatlaşmadan sonra, yəni növbəti 5 il ərzində nəticələrinə uyğun 600 manat və cüzi hissəsinin maaşı isə 700 manat olacaq: "Belə bir şəraitdə məktəb rəhbərlərinin cüzi bir hissəsinin maaşlarına şamil edilən bu əlavələr təkcə müəllimləri və digər məktəb rəhbərlərini deyil, məktəbdə çalışan digər yardımçı pedaqoji heyəti də qıcıqlandıracaq. Ümumiyyətlə işçilər arasında 10 dəfəyə qədər maaş fərqi nəinki eyni təhsil müəssisəsində, hətta başqa müəssisələrdəki bundan aşağı maaş alan digər məktəb rəhbərlərini də demotivasiya edəcək".
Ekspert hesab edir ki, məktəb rəhbərlərinin əməkhaqlarına əlavələr “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda göstərilən ödəniş dərəcələrinə uyğun olaraq, yəni şagirdlərin sayı 100 nəfərədək olduqda, 100-dən 300-dək olduqda, 300-dən 800-dək olduqda və 800 və daha çox olduğu ardıcıllıqla, minimum əmək haqlarını və ya ən pis halda vəzifə maaşlarının məbləğlərini keçmədən hamıya verilməli idi.