"Ötən illər ərzində tərəddüdlü qərarların acı nəticələrinin çox şahidi olmuşuq. Bir mühüm məqamı da unutmamalıyıq ki, ali məktəbə qəbul olmaq üçün yetərli balı yığmaq, hələ tələbə adını qazanmaq demək deyil, düzgün ixtisas seçimi mütləqdir. Əks halda yüksək bal toplamış abituriyentlər belə, tələbə adını qazanmaqdan mərhum ola bilərlər. Ürəyincə olmayan peşəyə sahib olmaq gələcəkdə peşəkar mütəxəssis olmaq planlarının üzərindən bir qara xətt çəkə bilər”.
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.
Ekspert bildirib ki, tələbə qəbulu planı hər il Nazirlər Kabineti tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla təsdiqlənir:
“Əgər əmək bazarında bir ixtisasa 5 və ya 6 nəfər də tələbat varsa, o ixtisası qəbul planından çıxarmaq olmaz. Qəbul planı vəziyyətə uyğun olaraq təsdiqlənir. Biz ötən illərə baxsaq, görərik ki, ildən-ilə ixtisasların təsnifatları dəyişir. Məsələn, bizdə neçə ixtisas var ki, plan yerləri dolmur. O demək deyil ki, həmin ixtisaslar ləğv olunmalıdır. Deməli, o ixtisaslara tələbat var ki, qəbul planında öz əksini tapır".
Nadir İsrafilov bildirib ki, indi yeni ixtisaslar meydana gəlib və gənclərin əksəiyyəti həmin ixtisaslara meyl edir:
"Amma o da nəzərə alınmalıdır ki, gələcəyimiz bir neçə yeni ixtisasın üzərində qurulmayıb. Bu məsələlər tədricən tənzimlənməlidir. Eyni zamanda, ixtisas seçimi ilə bağlı qaydalar da sadələşdirilməlidir. Bizdə bu qaydalar çox mürəkkəb və qarışıqdır. İxtisas qruplarında demək olar ki, hər il dəyişiklik edilir”.