Logo

Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Alim Qasımov haqda maraqlı faktlar

14.08.2022 18:51 555 baxış
IMG

Bu gün Xalq artsiti Alim Qasımovun doğum günüdür. Kulis.az dünyaca məşhur xanəndəmiz haqqında maraqlı faktları təqdim edir.

Alim Həmzə oğlu Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. Dünyaya gələn körpəyə atası Həmzə və anası Mədinə xanım Pənah adını verirlər. Zəif olduğundan xəstəlik keçirən uşağı Bakıya qədər gətirirlər. Anası bir qadının məsləhəti ilə oğlunun adını dəyişir ki, bəlkə düşərli olar. Elə də olur, Pənahın adını dəyişib Alim qoyandan sonra sağalır.

***

Valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları olmayıb. Əllərindən bir tək şey gəlirdi, dəf düzəltmək. Bunun üçün, atası bir keçi kəsir, keçinin dərisindən Alimə dəf düzəldirlər. Bu dəf, Alimin birinci musiqi alətiydi.

Gallery

Bakıda "Karamel" fabrikinə sürücü kimi işə düzəlir, maşın sürə bilmədiyindən elə həmin gün yük maşınını fabrikin divarına çırpir. Beləliklə, bu, fabrikdə ilk, həm də son iş günü olur. Sonra dəmiryol deposunda vaqon təmiri üzrə usta, tikintidə montyor işlərinə düzəlsə də, heç birində çalışa bilmir. Xanəndə həmin günləri belə xatırlayır: Ailədə ata-anama kömək etmişəm. Təsərrüfatımız, mal-qaramız çox olub. Yadımdadır ki, uşaq olanda ata-anamla Sabunçu vağzalında qatıq, pendir satırdıq. Bir az böyüyəndən sonra fəhlə işlədim. Sonra isə sürücü işlədim. Əsgərlikdə də sürücülüklə məşğul olmuşam. Axırda gördüm ki, heç nə əmələ gəlmir, muğama üz tutdum".

***

Çox gənc yaşda Tamilla adlı xanımla ailə quran xanəndənin muğama gəlişində mərhum aktyor Səyavuş Aslanın rolu olub. Alim Qasımov bu haqda deyr:


"Mən hər işlə məşğul olmuşam. Evləndim, pul qazanmağa çalışdım, çox işlər gördüm, olmadı, alınmadı. Axırda belə oldu ki, mən musiqi məktəbinə girməliydim, pulum da yoxdur. Qaynanam getdi qohumu Səyavuş Aslanın yanına. Səyavuş Aslan böyük aktyor idi. Ona dedi, o da məni havayı o məktəbə düzəltdi. Mən oraya girən kimi səsimə heyran qaldılar. Onda bildim ki, məndə nəsə var".

Gallery

Qəbul imtahanına gedəndə təzə köynəyi olmur. Atasının köynəyini geyinib gedir. Quş isə onun köynəyini batırır. İmtahana çirkli köynəklə girəcəyi onu bərk məyus edir. Ancaq kənardan kimsə ona deyir ki, bu xoşbəxtlik əlamətidir. Belə də olur. O, imtahandan 5 alır.

***

Xanəndənin sözlərinə görə 40 ildir pəhrizlə dolanır. Xarici dillərdən yalnız rus dilini orta səviyyədə bilir. Ən çox xoşladığı qərb ifaçısı isə Pavarotti olub. Uzun illərdir ki, o, bütün rəsmi geyimlərdən və qalstukdan imtina edib. Xeyli zamandır araqçın qoymasını isə Alim Qasımov imic üçün yox, üşüdüyü üçün etdiyini etiraf edir: “Başım üşüyür, konsertlərdə kondisioner işləyir, qrip oluram. Ona görə çarə kimi araqçın qoydum”.

Gallery

Alim Qasımov gənclik illərində toylara xanəndə kimi getməkdən çox qorxurmuş. İlk dəfə toya tarzən Vamiq Abdullayevlə gedir. Kürdəxanıda olan toy məclisinə gedərkən yolda çox həyəcan keçirir. Yolun yarısında “Moskviç”ini saxlayıb deyir, görəsən, məni orda bəyənəcəklər? Vamiq müəllim cavab verir ki, mən bəyənmişəm səni, onlar da bəyənəcəklər.

***

Alim Qasımov uzun zamandır ki, qızı Fərqanə ilə duet oxuyur. Onun ilk dueti isə müğənni Almaz Ələsgərova ilə baş tutub. Vaqif Gərayzadənin bəstəsi olan "Səni axtara-axtara" adlı mahnını oxumaq ona təklif olunanda o, bundan imtina edib. Deyib, yox e, mən oxuya bilmərəm. Amma sonradan elə olur ki, mahnını ifa edir və bu duet də ona böyük məşhurluq gətirir.

Gallery

Xalq artisti Ağaxan Abdullayevin sinfinə qəbul olunsa da, həmişə Hacıbaba Hüseynovun dərslərində oturur. Onun dərslərinə girmək üçün dəridən qabıqdan çıxan Alim xəlvəti, gizlicə otağa girib küncə qısılırmış ki, Hacıbaba müəllim onu görməsin. Çünki xanəndə onu görsə dərhal sinifdən qovar, hirslənərdi. Bununla belə hər gün səhərlər Hacıbabanın tələbələrindən, musiqiçilərdən əvvəl gəlib sinifdə oturarmış. Nəhayət bir gün o, Alimi yanına çağırıb deyir ki, bir dəfə oxu, xoşum gəlsə bundan sonra rahat gəl, otur dərslərdə icazə verirəm, gəlməsə daha səni burda görməyim. Alim oxuyandan sonra ona deyir “həə, gəl, gəl”. “Gəl” sözünü eşidəndən sonra Alim onun ardınca düşür, üstünü çırpa-çırpa evlərinə qədər gedir. Sonralar isə Hacıbaba Hüseynov onu toylara da özü ilə aparır.


***

Alim Hacıbaba müəllimdən yaxşı mənada “oğurluqlar” edib. Hacıbaba müəllimin maşınına əyləşəndə maqnitofonun səsini alır, muğamın dərinliklərindən sual verir, müəllimi də izah edir. Hacıbaba müəllim özü də bilmədən hər şeyi danışır, Alim isə qeyd edirdi.

Gallery

Xanəndə 6-7 saat fasiləsiz və qüsursuz oxuya bilir. O bunu səsinin ilahidən gəlməsi ilə əlaqələndirib:
“Toya gedəndə görürdüm ki, birdən nəsə çıxdı, onu yazırdım. Yolda qoyurdum, evə gələnə qədər qulaq asırdım, ağlayırdım. Sonra evə gəlirdim, evdəkiləri yuxudan oyadırdım, onlara da qulaq asdırırdım, onlar da ağlayırdılar. Elə vaxt olub mən ağlaya-ağlaya oxumuşam. Öz oxumağıma ağlamışam. Mən toylarda oxuduğum dövrü "qaydasız döyüş" dövrü adlandırmışam. Kim haradan gəldi vururdu. İndiki dövrə nə var ki? Hamı əlcək geyinir, özünü qoruyur, mikrofonu götürüb oxuyur".

***

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub. Bu ifa əslində müğənniyə böyük çətinlik bahasına başa gəlib. Yıxılmamaq üçün onun belinə qalın tros bağlayırlar.

Xəbər lenti