Logo

“Green card” uddu, indi Silikon Vadisindədir - UĞUR

13.08.2022 20:37 182 baxış
IMG

Cavidan Quliyev: “ABŞ-da işlədiyim yerlərin müddətinə baxsanız, görərsiniz ki, illərlə qalmamışam. Qəbul olurdum, işləyirdim, xoşuma gəlməyən nə isə olarsa, işi dəyişmək üçün başqa şirkətləri araşdırırdım. Həmin araşdırma siyahımda həmişə qlobal şirkətlər olurdu. İlk cəhdlərdə alınmasa da, sonra alındı”.

"Kaspi" qəzetinin yazısını təqdim edirik:

4-ci sinifdən kompüterlərə, video oyunlara həvəsi yaranır. Kompüterlə ilk görüşündən sonra bilir ki, gələcəkdə bu sahədə işləyəcək. Oyun proqramçısı olmağı planlaşdırır, amma bu sahədə həm təhsil, həm də iş imkanları Azərbaycanda olmadığından qarşısına sadəcə proqramçı olmaq məqsədi qoyur. 9-cu sinifdə bu sahədə biliklərini artırmaq üçün fizika-riyaziyyat və informatika təmayüllü liseyə keçir. Bakı Dövlət Universitetində kompüter elmləri üzrə bakalavr təhsili alır. Hərbi xidmətdən sonra xaricdə magistr təhsili almağa qərar verir. İxtisas seçimi oyun mühəndisliyi, təhsil almaq istədiyi ölkə Almaniya olur. Ancaq Almaniya universitetindən yaxşı xəbər almır. Eyni zamanda “Green card” üçün də müraciət edibmiş. İlk cəhdi olsa da, “Green card” udur və Amerikaya gedir. Söhbət Amerika Birləşmiş Ştatlarında Silikon Vadisində “Meta”nın baş ofisində proqram təminatı mühəndisi olaraq çalışan azərbaycanlı gənc Cavidan Quliyevdən gedir.

“Bilirdim ki, 2-3 ay işləməyəcəm”

- Amerikaya “Green card” ilə gedənlər sahələri ilə bağlı iş tapana qədər ilk olaraq pul qazanmaq məqsədi ilə xidmət sektorunda çalışırlar. Siz ilk olaraq necə başladınız?

- Maliyyə cəhətdən hazırlıqlı gəlmişdim. Bilirdim ki, 2-3 ay işləməyəcəm. Apreldə gəldim, iyulun əvvəli öz sahəm üzrə işə başladım. O vaxta qədər isə vəziyyətə uyğunlaşma dövrü oldu. Həm də şirkətlərə iş üçün müsahibələrə gedirdim, o müsahibələrə hazırlaşırdım.

- Azərbaycanda təxminən 3 il işlədikdən sonra Amerikaya getmisiniz. O təcrübə Amerikada sahənizlə bağlı iş tapmaq üçün yetərli oldu?
- Təcrübə də rol oynayır, bununla hansı texnologiyalarla işləyə bildiyinə baxırlar, amma əsas müsahibədə necə cavab verməyindir. Amerikada ilk müsahibələrimdən biri “Amazon”la olmuşdu. 3 illik təcrübəm var idi, məni baş mühəndis götürmək istəyirdilər. Müsahibəyə yaxşı hazırlaşmamışdım deyə, o iş alınmadı. Əsas müsahibədə onların istədiyini verə bilməkdir, əks halda nə qədər təcrübənin olması əhəmiyyətli deyil.

“Həm yaxşı təcrübə qazanırsan, həm də maaşın yüksək olur”

- İlk müsahibələrinizdən biri “Amazon”la olub. Deməli, getdiyinizdə artıq qlobal şirkətlərdə işləməyi hədəfləmisiniz.

- Məncə, Amerikaya gələn proqramçının hədəfi kiçik şirkətlərdə işləmək olmaz. Məqsəd əvvəl-axır hansısa böyük şirkətə keçmək olur. Böyük şirkət bir daşla iki quş vurmaqdır. Həm yaxşı təcrübə qazanırsan, həm də maaşın yüksək olur. Mən də yeni şeylər öyrənəcəyim, maaşı daha çox olan yer istəyirdim. O da qlobal şirkətlərdə idi (Gülür). İlk vaxtlar bir neçə qlobal şirkətə qəbul olmağa çalışdım, amma alınmadı. Öz sahəmlə bağlı bir şirkətdə iş tapıb işlədim. Amerikada işlədiyim yerlərin müddətinə baxsanız, görərsiniz ki, illərlə qalmamışam. Qəbul olurdum, işləyirdim, xoşuma gəlməyən nə isə olarsa, işi dəyişmək üçün başqa şirkətləri araşdırırdım. Həmin araşdırma siyahımda həmişə qlobal şirkətlər olurdu. İlk cəhdlərdə alınmasa da, sonra alındı.

“Startaplarda işləmək həmişə çox olur”

- Böyük şirkətdəsiniz, kiçik şirkətlərdə də çalışmısınız. İkisini müqayisə edək.
- “Meta”dan əvvəl bir startapda çalışırdım. Startapla qlobal şirkəti müqayisə edim. Məncə, startapı yaxşı seçmisinizsə, texniki təcrübə daha çox yığacaqsınız, çünki startaplarda iş həmişə çox olur. Amma startapda işləmək mənim üçün daha rahatdır. Problem bəllidir, həllini də bilirsən, bilməsən belə, tapırsan. Bu, çox vaxt şəxsi layihə olur və sən ancaq balaca hədəflərə çatanda məlumat verirsən. Böyük şirkətdə həllini bilsən də, onu etmək üçün şirkətdə məlumat vermə prosesi vaxt aparır. Bir işi edəndə, bəlkə də, 50 nəfərin xəbəri olmalıdır ki, bu iş başladı, başlamadı, nəticəsi nə oldu və s. Vaxtın çoxu iclaslara, başqa insanlara məlumat verməyə gedir. Elə olub ki, həftəlik 40 iş saatının 15-i iclaslara gedib. Yaxşı tərəfə gəlincə, böyük şirkətlərdə də öyrəndiyin bacarıqlar olur, hansı ki bunu startaplarda qazana bilməzsən. Danışıq və liderlik qabiliyyətin az-çox inkişaf edir. Böyük şirkətlərdən gözlənti adətən sənin bir müddət sonra lider olmağındır. Böyük sistemlərin və insanların necə idarə olunmasını öyrənirsən. Bir də böyük şirkətlərin əsas avantajı proyektlərin daha qlobal olmasıdır. Biri var sənin məhsulunu min nəfər istifadə edir, bir də var milyonlar. Bu, məncə, mühəndis üçün maraqlı kəmiyyətdir, çünki böyük sistemləri qurmaq səy tələb edir.

“Silikon Vadisində bir şirkətdə 2-3 ildən çox qalmaq sərfəli deyil”

- Amerikadakı əvvəlki işlərdə çalışma müddətiniz heç birində 2 ildən çox olmayıb. Artıq başqa işlərə baxırsınız, yoxsa hələ ki “Meta”da qalmaq fikriniz var?

- Ümumiyyətlə, Silikon Vadisində bir şirkətdə 2-3 ildən çox qalmaq maliyyə cəhətdən adama ziyandır. Çünki o müddətdən sonra həmin şirkətdə öyrənəcəyin şey azalır. Əgər böyük şirkətdə işləyirsinizsə, yeni şeylər öyrənmək üçün başqa komandalara və ya təşkilatlara keçə bilərsiniz, amma balaca şirkətlərdə çox vaxt bu seçim olmur. Digər tərəfdən, hansısa şirkətdə yeni işə başlayanda, orda həm də maaşınızı marketə uyğun yeniləyirsiniz. Çünki adətən şirkətə gələn hər yeni işçi sizdən yüksək maaşa gəlir, sizin gördüyünüz işi görsə belə. Tez-tez şirkət dəyişmək CV-niz üçün az da olsa ziyandır. Mənim tez-tez şirkət dəyişməyimin əsas səbəbi yaxşı şansların qabağıma çıxmağı olub. Həmişə daha yaxşı, daha çox öyrənə biləcəyim yerlərə getmək istəyirdim. İndi o yerlərdən birindəyəm. Hələ bir ildir ki, burdayam və düşünürəm ki, işimi dəyişmək üçün hələ tezdir. Həm də burda inflyasiya çox yüksəlib və bir neçə böyük şirkət işə götürməni müvəqqəti dayandırır. Ona görə çox adam risk edib işi dəyişmək istəmir. Risk edənlər də var, təbii, amma hələ ki “Meta”da öyrənəcəyim şeylər var, ona görə dəyişməyə ehtiyac görmürəm.

Mark Zükerberqlə görüşmək imkanı olubmu?

- Baş ofisdəsiniz, maraqlıdır, Mark Zükerberqlə görüşmək imkanı olubmu?

- Mark da Menlo Park ofisindədir, amma bizimlə eyni binada oturmur. Bu ofisdə işləyən 40 mindən çox işçi var. Onların hamısı ilə görüşməsi bir az real deyil, məncə, buna ehtiyac da yoxdur. Ola bilər ki, kimləsə iş prosesi gərəyi, yaxud təsadüfən görüşsün. Amma hamı ilə görüşməyi real deyil. Səbəb olarsa, yəqin ki, görüşməkdən, ünsiyyətdən çəkinməyəcək biridir.

“Mən də deyirəm ki, hə, mənlikdir, düzəldəcəm”

- “Meta”ya bir neçə şirkət daxildir. Siz hansında çalışırsınız?

- Ümumi “Meta”nın əməkdaşıyam. Şirkətin böyümə (Growth) təşkilatında çalışıram və elə bir komandadayam ki, bütün android tətbiqlərində işləyirəm, hansı ki, buna həm “Facebook”, həm “Messenger”, həm də “Instagram” daxildir.

- Yəqin bu sosial şəbəkələrlə bağlı Azərbaycandakı dost-tanışın sizə sualı olur. Hansı sualları verirlər?
- Daha çox zarafat tipli olur. “Filankəsin mesajlarını oxumaq istəyirəm, kömək elə”, “Bu adamın parolunu sındıra bilərsən?” kimi zarafatlar edirlər. “Facebook” və ya “Instagram”da nəsə nasazlıq olanda, dostlarım yazır ki, yəqin ki, sənin dəyişikliyin ucbatındandır. Mən də deyirəm ki, hə, mənlikdir, düzəldəcəm (Gülür).

Xəbər lenti