Logo

Deputat Prezidentin portretinin məktəblərə satılmasından danışdı: “Məcbur edilirlər“

12.08.2022 18:36 2437 baxış
IMG

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyevin “Yeni Sabah”a müsahibəsi:

- Təhsil eksperti Kamran Əsədov şəxsi sosial şəbəkədə Elm və Təhsil Nazirliyinin orta məktəblərə oturacaqların, Prezidentin portretlərinin, bunlardan başqa, 44 günlük Vətən Müharibəsinə dair qələbəmizi əks etdirən bannerlərin 495 manata satılması haqda faktlar paylaşıb. Sizcə belə bir hal mümkündürmü?

– Kamran Əsədov uzun illərdir ki, təhsil sahəsində tədqiqatları olan, təhsilə birbaşa aid olan şəxsdir. Yəqin ki, ona informasiyalar daxil olur, o da təhsil eksperti missiyasından istifadə edərək bunu ictimailəşdirir. Mən təhsil sahəsində bütün məsələlərin şəffaf olmasının tərəfdarıyam. Qrant və proqramların maliyyələşməsindən tutmuş, məktəblərin təminatı və təchizatı kimi məslələrə qədər. Elm və Təhsil Nazirliyinin rəhbərliyi buna çalışmalıdır. Təhsil qapalı sistem deyil, təhsil açıq sistemdir. Dediyim nüanslar nazirliyin saytında öz əksini tapmalıdır. Maliyyə vəsaitinin xərclənməsindən sonra audit prosesi baş verməldir.

Təəssüflər olsun ki, biz buna rast gəlmirik. Mütəxəssislər, təhsil ekspertləri bu məsələləri mənbə kimi Elm və Təhsil Nazirliyinin informasiya resurslarından  götürməlidirlər. Məlumatlar fərdi tanışlıq vasitəsilə əldə olunmamalıdır. Tenderlər də açıq şəkildə həyata keçirilməlidir. Burada insanların vergisindən formalaşan vəsaitlərdən söhbət gedir. Bunun da aydınlığı çox vacibdir. 

- Məktəblərin daxili təchizat və təminatıyla bağlı məsələlərin Elm və Təhsil Nazirliyinin, yoxsa, məktəblərin büdcəsi hesabına həyat keçirilməli olduğunu düşünürsünüz?

- Məktəblər müstəqil deyil. Adi qapının cəftəsini dəyişməyə belə azadlığı yoxdur. Məktəb rəhbərliyi Bakıda tam şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Regionlarda isə Regional Təhsil İdarələrinə tabedir. Onlara da birbaşa Elm və Təhsil Nazirliyi rəhbərlik edir. Nazirlikdə isə məktəb işindən məlumatsız olan şəxslər toplaşıblar. Məsələn, Elm və Təhsil Nazirinin məktəblərə kuratorluq edən müavini  məktəbdən xəbəri olmayan birisidr. O, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

Məktəb çox mürəkkəb bir sistemdir. Buna görə də bu sahədə birbaşa aidiyyəti olan şəxslər olmalıdır. Məktəblərlə bağlı şaxəli araşdırmalar aparsaq, daha çox neqativ hallara rast gələrik. 10-11-ci sinif şagirdləri məktəbə gəlmir. Bu, böyük bir fəlakətdir. Burada çox böyük  vəsaitdən söhbət getdiyindən, təhsilin rəhbərliyində olan şəxslər bunda maraqlıdırlar. Heç bir məktəbin normal saytı yoxdur.

Məktəb direktorlarını ifrat asılı vəziyyətə salıblar. Onları Bakı Şəhər üzrə Təhsil İdarəsində müxtəlif qruplaşmalar idarə edirlər. Həmin qruplaşmalar isə nazirlikdə formalaşıb. Belə bir məqamda məktəb direktorlarının heç nəyə etiraz etməyə cürəti yoxdur. Onları dərhal vəzifəsindən azad edərlər. Məktəbləri feodal təfəkkürlə idarə etmək olmaz. Bu cür məktəblərdə  hansı keyfiyyətdən, şəffalıqdan danışmaq olar.

Bu gün abituriyentlər yüksək nəticələr göstərirsə bu, ilk növbədə abituriyentin öz istedadı, ikinci növbədə, repetitorların hesabınadır. Çünki məktəblərdə 10-11-ci sinifdə dərs olmadığından biliklə zənginləşmə də yoxdur. Məktəblərdə maliyyə müstəqilliyi olmalıdır. Məktəb laborant, süpürgəçi işə götürə bilmir.

- Bütün bunların olmasında Elm və Təhsil Nazirliyini suçlayırsınız? 

- Əlbəttə, məktəbin büdcəsi olsa, məktəblərə müəyyən sərbəstlik verilsə, özü özünün bəzi kiçik təminatlarını da həll edə bilər. Bəzi şeylər kənardan 10 qat baha qiymətinə verilir və akta qol çəkməyə məcbur edilirlər. Bu proses ildırım sürəti ilə baş verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblər üzərində “Damokl qılıncı”dır. Bundan başqa, xeyli sayda məktəb direktorlarının nazirlik və idarədə əyləşən vəzifəlilərin himayə etmələri məktəbi çökdürüb.

Qruplaşmaya aid olmayan məktəb direktorlarına ən sərt qaydalar tətbiq edilir. Qruplaşmaya aid olanlara isə “gözün üstdə qaşın var” deyən yoxdur. Qruplaşmaların himayə etdiyi məktəblərdə özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir. Məktəbin belə duruma düşməsini istəməzdim. 

Xəbər lenti