Logo

Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb

12.08.2022 18:08 327 baxış
IMG

Avqustun 12-də Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 75 illik yubileyi münasibəti ilə Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azərpaşa Nemətovla görüşüb.

Tehsil.biz xəbər verir ki, nazir müavini mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu A.Nemətova təqdim edib, yubiley yaşını qeyd edən sənətkara uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb. 

Xalq artisti A.Nemətov diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərpaşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda, görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr rejissoru” fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunu bitirib.

Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan rejissor həmin teatrda müxtəlif illər ərzində rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışıb, bu teatrın inkişafında böyük xidmətlər göstərib.

A.Nemətov 1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb, daha sonra dəfələrlə Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak edib.

A.Nemətov öz yaradıcılığında müasir dünya avanqard teatrının və Azərbaycan milli teatrının xüsusiyyətlərini ustalıqla birləşdirir.

Teatr sənəti sahəsində xidmətlərinə görə ona 1987-ci ildə “Əməkdar incəsənət xadimi”, 2002-ci ildə “Xalq artisti” fəxri adları verilib. 1997-ci ildə “Humay” milli ictimai mükafatına, 1998 və 2003-cü illərdə “Qızıl Dərviş” mükafatına, 2007-ci ildə “Şöhrət ordeni”nə, 2015-ci ildə “Haldun Taner”, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik medalına layiq görülüb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqüdçüsüdür. 2-ci dərəcəli “Vətənə xidmətə görə” (2017) və "Şərəf" (2022) ordenləri ilə təltif olunub.

Xəbər lenti