Logo

Nazirlik ictimai etimadı itirib: şagirdlər məktəblərə necə qəbul edilir?

12.08.2022 11:10 229 baxış
IMG

"Şagirdlərin I sinfə yerləşdirilməsi, rus sektoruna qəbul üçün müsahibədən keçirilməsi, lisey və gimnaziyalara daxil olmaq üçün rüşvətin alınması yeni yaradılan regional idarələr və Bakı Şəhəri üzrə Təhsil İdarəsi səviyyəsində artıq sübut olunub. Bu Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaratdığı Ağstafa rayonu üzrə şagirdlərin rus sektoruna qəbulu komissiyasının fəaliyyətinin təftiş edilməsində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayevin işdən azad edilməsində özünü göstərib".

Bunları "Tehsil.biz"ə açıqlamasında Kamran Əsədov deyib.

Təhsil eksperti bildirib ki, hər iki halda proses nazirlik tərəfindən gizli həyata keçirildi və heç bir əməkdaş etdiyi əmələ görə ciddi cəzalandırılmadı: "İctimaiyyətə də bu istefa barədə məlumat verilmədi və məsələ hüquq-mühafizə orqanlarına da təqdim edilmədi. Bir-neçə gün əvvəl bu barədə sosial media hesabımızda paylaşmamızın şərh hissəsində bir-neçə valideyn 3000 manat müqabilində övladını arzuladığı məktəbə yerləşdirməsi barədə açıq rəy yazsalar da, nazirlik bu konkret faktları da araşdırmadı. Məhz nazirlik və idarə əməkdaşaları ilə tanışlıq və dostluq zəmnində və ya ictimai aktiv və vəzifəli insanların övlad və qohumlarını onların arzuladığı məktəblərə yerləşdirilməsi isə kütləvi haldır. Bir sözlə, qayda və qanun yalnız kasıblar üçündür. Elektron sistemdə 20 nəfərin qəbul edilməsi üçün açıq olan siniflər sonda məktəblərdə 40 nəfərdən ibarət olmaqla sonuclanır".

Kamran Əsədov müəllimlərin vəzifələrə necə təyin edilməsi haqda da danışıb: "Sosial məzuniyyət yerlərinə, vəfat etmiş müəllimlərin yerlərinə müddətli müqavilələrlə təyin edilənlərin sonradan daimiləşməsi və bu yerlərin vakansiyaya çıxarılmaması ilə bağlı sosial şəbəkələrdə kütləvi şikayətlər var. Nazirliyə vətəndaşlardan daxil olan konkret hallar barədə müraciətlər etsəm də, onlar mənə cavab olaraq qəbul qaydalarından müəyyən hissəni "copy-paste" edib göndərməklə kifayətlənir, fakta münasibət bildirməkdən çəkinirlər. Bakı məktəblərinə direktor təyinatında da çoxlu şübhə və müəmmalar var. Bunlar dostlar və tanışlarını əvvəl sadə müsabiqə ilə direktor müavini təyin etdirəndən sonra vakant olan məktəblərə direktor əvəzi təyin edirlər. Sonradan elan edilən direktorların işə qəbul müsabiqəsində isə bir qayda olaraq yüksək bal toplayanlar yox, məhz bu vəzifəni həvalə qaydasında icra edən direktor müavinləri müvəffəqiyyət qazanırlar. Bu da təhsil ictimaiyyətinə sirr deyil ki, Bakı məktəblərinə kütləvi direktor təyinatının arxasında kim dayanır! Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri Fuad Əsgərov müəmmalı sürətdə işdən çıxarıldı. Mətbuat üçün açıqlamada onun işdən çıxarılması səbəbi kimi Əmək Məcəlləsinin “tərəflərdən birinin təşəbbüsü" olaraq göstərildi və əsl səbəbi ictimaiyyətdən gizlədildi". 

"Ölkədə ən şəffaf qurum kimi tanınan, nazirliyin özündən belə inzibatçılıq və ictimai etimad cəhətindən yüksəkdə dayanan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəfiqələr, dostlar və tanışlar tərəfindən təkrar bu səviyyəyə endirilməsinin qarşısı mütləq alınmalıdır", - deyə ekspert vurğulayıb.

Xəbər lenti