Logo

Rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadr hazırlığı - FOTO

12.08.2022 10:05 131 baxış
IMG

Yeni Dövlət Proqramına ilk qəbulun nəticələri açıqlanıb

Müasir dövrdə  bilik hər bir ölkənin davamlı inkişafının təmin edilməsində bilik iqtisadiyyatının  və bu əsasda yüksəkixtisaslı insan kapitalının formalaşdırılması ali təhsil sistemi qarşısında mühüm vəzifə kimi durur. Bu zərurət ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını, bu sahədə mühüm keyfiyyət dəyişikliklərini və innovativ fəaliyyətin güclənməsini şərtləndirir.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş xaricdə təhsil üzrə dövlət proqramları ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasında xüsusi əhəmiyyət daşıyır.

Artıq 2022-2023-cü tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri açıqlanıb.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Azərbaycan müəllimi”nə proqramın icrası və ilk nəticələri ilə bağlı fikirlərini bölüşüb.

- Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul yekunlaşmış və nəticələr müəyyən olunmuşdur. Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahələri üzrə 673 nəfər Azərbaycan Respublikası vətəndaşı müraciət etmişdir.

Müsabiqənin ilkin nəticələrinə əsasən 80 nəfər namizəd bakalavriat səviyyəsi, 149 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

- Proqrama qəbul zamanı gənclərin daha çox hansı prioritet ixtisas istiqamətlərinə maraq göstərdiyini qeyd edə bilərsiniz?

- Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olmuşdur.

- Nəticələrə əsasən, magistratura səviyyəsinə qəbul faizinin yüksək olduğunu görürük. Bunu  gənclər arasında elmi tədqiqatlarla bağlı ixtisaslara daha çox marağın olması ilə izah etmək olarmı?

- Müvafiq Sərəncamda da qeyd edildiyi kimi, Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir.

- Proqrama yeni  sənəd qəbuluna nə zaman start veriləcək və daha çox hansı təhsil səviyyəsi  və ixtisasları əhatə edəcək?

 - Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsi və magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.

- Yeni Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafına töhfəsi və elm-təhsilin inteqrasiyasına dəstək baxımından əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Oruc MUSTAFAYEV

Xəbər lenti