Logo

Mingəçevir Dövlət Universiteti: prioritetlər, nəticələr, hədəflər

11.08.2022 16:35 381 baxış
IMG

Başa vurduğumuz 2021-2022-ci tədris ili bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Tarixi Qarabağ Zəfərinin birinci ildönümü qeyd olunmuş, eləcə də ölkəmizdə 2022-ci il "Şuşa İli" elan edilmişdir. Eyni zamanda, qlobal pandemiya şəraitində Azərbaycanda COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri sayəsində uzunmüddətli fasilədən sonra ötən tədris ilində respublikamızın ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində (MDU) ənənəvi təhsil müəyyən məhdudiyyətlərlə bərpa edilmiş, tədris və təlim-tərbiyə prosesi mövcud qaydalara uyğun təşkil edilmişdir. Dövlət başçısının ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, Nazirliyin birbaşa dəstəyi ilə ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, həmçinin universitetlərdə əldə edilən təcrübələr və yaradılan yeni imkanlar tədris ilinin uğurla başa çatdırılmasına və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.

Strateji olaraq yeni dövrün universitetinə çevrilməyi, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərməyi, ölkəmizin, o cümlədən regionun hərtərəfli inkişafına davamlı töhfə verməyi hədəfləyən MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir. Ali təhsilə dövlətin yüksək diqqət və qayğısı, yerli və xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllim kollektivinin əməyi, idarəetmədə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılması sayəsində MDU-nun potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Hər şeydən əvvəl, tədrisin hibrid formatda səmərəli təşkilinə nail olunmuş, elmi fəaliyyətdə müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, sosial sahədə fəaliyyətlər genişlənmiş, idarəetmənin strukturu müasir tələblərə uyğun və tələbəyönümlülük kontekstində daha da təkmilləşdirilmişdir. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlıqlar, sənaye ilə işbirliyi gücləndirilmiş, səmərəli ali təhsil mühitinin formalaşdırılması, təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Eyni zamanda, hazırda dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində müvafiq işlər davam etdirilir.

MDU-da struktur təkmilləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində İnformasiya Texnologiyaları fakültəsinin yaradılması və Mühəndislik fakültəsinin yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, Pedaqoji fakültə Təhsil fakültəsi adlandırılmış, Magistratura və Doktorantura Təhsil Mərkəzi, Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi təsis edilmişdir. Universitetdə strateji fəaliyyətlərin yeni çağırışlara uyğunlaşdırılması və cəmiyyətlə çevik kommunikasiyanın təmin edilməsi məqsədilə 2021-2022-ci tədris ilində MDU-da "Rektorla söhbət" layihəsinə start verilmişdir. MDU üzvləri ilə yanaşı, regionun təhsil, elm, innovasiya və sahibkarlıq ekosisteminin nümayəndələri ilə davamlı olaraq keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində cari ildə magistrantlarla, doktorant və dissertant əməkdaşlarla görüşlər keçirilmişdir.

Sosial rifahın dövlət siyasətinin mərkəzində dayandığını, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioritetini və MDU-nun mövcud maliyyə imkanlarını əsas tutaraq ötən tədris ilində universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinin aylıq əməkhaqları orta hesabla 20 faiz artırılmışdır.

Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə 2021-2022-ci tədris ilində ümumilikdə 3000-ə yaxın tələbə və magistrant təhsil almışdır. Bütövlükdə, 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, ötən tədris ilində MDU-da Türkiyənin Qazi Universitetindən 2  professor fəaliyyət göstərmişdir.

2021-2022-ci tədris ilində MDU-da ənənəvi tədrisə qayıdış Nazirlər Kabinetinin müvafiq Qərarlarına, Təhsil Nazirliyinin müvafiq əmrləri və təlimatlarına əsasən həyata keçirilmişdir.

İmtahanların şəffaf, obyektiv və mütəşəkkil keçirilməsi məqsədilə universitetdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilmiş, dəqiq funksional iş bölgüsü aparılmış və digər bütün zəruri addımlar atılmışdır. Ötən tədris ilinin payız və yaz imtahan sessiyalarının hər birində 3000-dən çox tələbə və magistrant 900-dən çox imtahanda iştirak etmişdir. Mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının elektron formatda tələbələrə çatdırılması tədris olunan fənlərin tələbələr tərəfindən mənimsənilmə səviyyəsinin yüksəlməsinə və onların akademik göstəricilərinin daha da yaxşılaşmasına şərait yaratmışdır. Son üç tədris ilində MDU tələbələrinin müvəffəqiyyət göstəricisi 95 faizdən çox olmuşdur. Keyfiyyət göstərcisi isə təqribən 40 faizə qədər yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, 2018-2019-cu tədris ilinin yaz semestrində müvəffəqiyyət və keyfiyyət göstəriciləri müvafiq olaraq, 78,9 və 18,7 faiz təşkil etmişdir.

Cari tədris ilində MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq laboratoriyaların və digər zəruri infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, cari ildə universitetdə iki laboratoriya - "Kimya" və "Kiber Təhlükəsizlik" laboratoriyaları istifadəyə verilmişdir. Kimya laboratoriyası kimya, fizika və ekologiya istiqaməti üzrə spesifik tədqiqatların yerinə yetirilməsi, aidiyyəti fənlərin tədrisi zamanı müvafiq texniki və elmi təcrübələrin aparılması üçün zəruri avadanlıqlarla təchiz olunmuşdur. Kiber Təhlükəsizlik laboratoriyası isə Nazirliyin qrantı əsasında həyata keçirilən "Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılmışdır.

Ölkənin və regionun inkişafına töhfə verən, səmərəli və nəticəyönümlü elmi fəaliyyətin həyata keçirilməsini diqqət mərkəzində saxlayan MDU-da son dövrdə elmi potensialın inkişaf etdirilməsi sahəsində görülən işlər nəticəsində müsbət keyfiyyət dəyişiklikləri müşahidə edilmiş və yeni meyillər meydana çıxmışdır. MDU-da akademik heyət üzvlərinin tədqiqat bacarıqlarının artırılmasına və elmi fəaliyyətlərinin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsinə və nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artmasına səbəb olmuşdur. 2019-cu ildən 2022-ci ilin yarısınadək MDU əməkdaşlarının "Web of Science" bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (20 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (8 ədəd) 2,5 dəfə çox olmuşdur. Ümumilikdə, bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin 28 məqaləsi dərc olunmuşdur. Bununla yanaşı, MDU tarixində ilk elmi jurnal hesab edilən "Dayanıqlı inkişaf" multi dissiplinar elmi jurnalının birinci və ikinci buraxılışları çap olunmuş və elektron variantda universitetin rəsmi saytında yerləşdirilmişdir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu almış, "Academic Resource Index ResearchBib" beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına, eləcə də Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilmişdir. Hazırda universitetin 31 əməkdaşı fəlsəfə doktoru proqramı, 6 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə institutlarında dissertant və doktorantdırlar. 2021-2022-ci tədris ilində universitetin 5 əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmiş, 8 doktorant və dissertant dissertasiya işlərini başa vurmuş və müdafiə ərəfəsindədir.

Azərbaycan Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici ofisinin, tərəfdaş yerli və xarici universitetlərin dəstəyi ilə  "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda MDU tarixində ilk beynəlxalq elmi konfrans keçirilmiş və konfransın materialları ikicildlik məcmuə şəklində dərc edilmişdir. Eyni zamanda, MDU "Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat" mövzusunda 4-cü beynəlxalq konfransa və "Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi" mövzusunda 2-ci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransına tərəfdaşlıq etmişdir.

Həm akademik və inzibati heyət üzvlərinin, həm də təhsilalanların hərtərəfli inkişafının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq layihələrin, təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsinə MDU-da xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə həyata keçirilən bir çox layihələrə MDU-da yeni yaradılan KİM təşkilatçılıq etmişdir. Konkret olaraq, universitetdə davam etdirilən "Peşəkarla görüş" layihəsi, karyera planlaşdırma, sahibkarlıq, xarici dil, rəqəmsal, pedaqoji və tədqiqat bacarıqlarının artırılması məqsədilə tanınmış ekspert və mütəxəssislər tərəfindən MDU-da keçirilən təlimlər xüsusi maraqla qarşılanmışdır.

Regional innovasiya ekosisteminin başlıca aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir. MDU SOCAR və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Mingəçevir Peşə Məktəbi və "Azmade Group" MMC şirkəti arasında "universitet-peşə məktəbi-sənaye" formatında üçtərəfli əməkdaşlıq, "Azərbaycan İES" MMC, "Atəşgah" Sığorta Şirkəti,  "Kapital Bank" ASC və Mingəçevir Sənaye Parkı ilə işbirliyi çərçivəsində təlim-təcrübə proqramı, elmi konfrans, nəzəri-praktiki seminar, "dəyirmi masa", infotur və digər müxtəlif formatlı tədbirlər keçirilmişdir.

MDU-da tələbəyönümlü təhsil mühitinin yaradılmasına, tələbə gənclərin hərtərəfli inkişafına, onların universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Universitetin tələbə və magistrantları əlamətdar günlərə və tarixi şəxsiyyətlərə həsr olunan tədbirlərdə, elmi konfranslarda, müvafiq təbliğat və maarifləndirmə işlərində, iməciliklərdə, startap və könüllülük fəaliyyətlərində, müxtəlif bilik, yaradıcılıq, idman müsabiqələri və yarışlarında yüksək fəallıq nümayiş etdirmiş və uğurlu nəticələrə nail olmuşlar. Qardaş Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalı olan "TEKNOFEST 2022"-nin final mərhələsində MDU-nun 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə fəal təmsil olunduğunu xüsusi qeyd etmək olar.

Ali təhsilə dövlətin yüksək diqqət və qayğısı, yerli və xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllim kollektivinin əməyi, idarəetmədə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılması sayəsində MDU-nun potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur.

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan MDU-da təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Yeni dövrün universitetinə çevrilməyi strateji hədəflərindən biri olaraq müəyyənləşdirən MDU-da mövcud potensialın gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə beynəlxalq əlaqələr inkişaf etdirilmiş, müvafiq dövlət qurumları, paytaxtın qabaqcıl universitetləri və regionda yerləşən təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verilmişdir.

Paytaxtın qabaqcıl ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Cari tədris ilində MDU ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında əməkdaşlıq çərçivəsində birgə fəaliyyətlərə başlanılması regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə və insan kapitalının inkişafına töhfə verilməsinə hədəflənmişdir. MDU və Bərdə Peşə Liseyi arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri üzrə ortaq fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva etmişdir.

MDU beynəlxalq əməkdaşlığını daha da genişləndirmiş, Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus və Almaniyanın qabaqcıl universitetləri ilə əlaqələrini inkişaf etdirmiş, Erasmus+ proqramında fəal təmsil olunmuş, Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilmişdir.

MDU qardaş Türkiyənin nüfuzlu, zəngin ənənələrə və modern infrastruktura malik Qazi Universiteti ilə işbirliyini uğurla davam etdirmişdir. Cari tədris ilində Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi üzrə professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz MDU-da fəaliyyət göstərmişlər. Onlar tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, Mühəndislik fakültəsinin yenidən qurulması, İnformasiya texnologiyaları fakültəsinin, Magistratura və Doktorantura Təhsil Mərkəzinin yaradılması üzrə müvafiq işçi qruplarına rəhbərlik etmişlər. Eləcə də, "MDU-da kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi" layihəsi üzrə Təhsil Nazirliyinin qrantının qazanılması və layihənin icrasında, əməkdaşların tərəfdaş Türkiyə universitetlərinə təlim və təcrübəyə göndərilməsində, "TEKNOFEST Azərbaycan"da iştirakın təmin edilməsində fəal rol oynamış, universitetdə çoxsaylı təlimlər və seminarlar keçirmişlər.

Bununla yanaşı, MDU-nun 5 əməkdaşı Qazi Universitetində bir aylıq təlim və təcrübə keçmişdir. Hazırda Qazi Universitetinin Eğitim fakültəsinin dekanı professor Mahmut Selvi MDU-nun "Dayanıqlı inkişaf" multidisiplinar elmi jurnalının redaksiya şurasının üzvü olaraq universitetin elmi fəaliyyətinə dəstək göstərir. MDU-nun 1 əməkdaşı və 1 məzunu isə Türkiyənin Qazi Universitetində müvafiq olaraq "Təhsilin idarə edilməsi" və "Kompüter elmləri" ixtisasları üzrə doktorantura təhsili alırlar.

Regional innovasiya ekosisteminin başlıca aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

Türkiyənin yenilikçi və müasir ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) ilə qurulan əməkdaşlıq əlaqələri əsasən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin potensialının gücləndirilməsinə, xüsusilə turizm təhsilinin inkişafına töhfə verilməsinə hədəflənmişdir.

Türkiyənin sənaye mərkəzlərinin birində yerləşən və müasir kampus məkanına sahib olan KTO Karatay Universiteti ilə əməkdaşlıq çərçivəsində MDU 2022-ci ilin 17-18 iyun tarixlərində KTO Karatay Universitetində "Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi" mövzusunda keçirilən 2-ci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransına tərəfdaşlıq etmişdir. Konfransın açılışında MDU-nun rektoru çıxış etmiş, bölmə iclaslarında universitetin akademik heyət üzvləri elmi məruzələrini təqdim etmişlər.

MDU isə İstanbul Gedik Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin dekabrın 13-də müvafiq protokolun imzalanması ilə qoyulmuşdur. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan protokol tələbə və akademik heyətin mübadiləsi, birgə elmi tədqiqatlar, universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətləri əhatə edir. MDU-nun 3 əməkdaşı İstanbul Gedik Universitetində bir həftəlik təlim və təcrübədə olmuşlar.

2022-ci il mart ayının 11-də MDU Siegen Universitetində "Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq" mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq seminarda təmsil olunmuşdur. Bundan əlavə, 2022-ci ilin aprelində Siegen Universitetinin professoru tərəfindən MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə "Sahibkarlıq ekosistemi" mövzusunda seminar keçirilmişdir.

Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) arasında əməkdaşlıq inkişaf etdirilmişdir. 2021-ci ilin oktyabrında MDU rektoru Kiyevdə KNEU və KNUTD rektorları ilə anlaşma memorandumları imzalamışdır. Potensial əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan memorandumlar tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər istiqamətlərdə birgə fəaliyyətləri nəzərdə tutur.

2022-ci ilin iyulunda MDU rektoru Qazaxıstanın dünya universitetlərinin QS reytinqində yer alan nüfuzlu ali təhsil müəssisələrində - Ahmet Yesevi Universiteti (AYU), Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti) və Qazax Milli Aqrar Tədqiqat Universitetində (KazNARU) olmuşdur. Ziyarət çərçivəsində AYU və Abay Universiteti ilə MDU arasında anlaşma memorandumları imzalanmışdır. Memorandumlar universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, tədris-metodiki fəaliyyət sahəsində təcrübə mübadiləsi, akademik və inzibati heyət üzvlərinin ixtisaslarının artırılması, ortaq konfrans və seminarların keçirilməsi, qarşılıqlı mühazirələrin təşkili, beynəlxalq layihələrdə birgə iştirak və digər istiqamətlərdə əməkdaşlığın yaradılmasını nəzərdə tutur. Eləcə də, KazNARU-da keçirilən görüşlərdə universitet idarəçiliyi və beynəlxalq reytinqlərdə iştirakla bağlı təcrübə mübadiləsi, ekologiya, ətraf mühitin mühafizəsi, bərpaolunan enerji sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi, ortaq yay məktəblərinin təşkili və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində iştirak etmişdir. Bu proqram çərçivəsində cari tədris ilində MDU-nun bir tələbəsi Rumıniyanın Transilvaniya Braşov Universitetində bakalavr, bir əməkdaşı isə Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirmişdir. Eyni zamanda, hazırda MDU "Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar" (GEOCLIC) adlı Erasmus+ layihəsində fəal iştirak edir.

Bunlarla yanaşı, MDU 2022-ci ilin 22-24 martında Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda təmsil olunmuşdur. Forumun "Ali təhsilin yenidən qurulması: rəqəmsallaşma və universitetlərin gələcəyi" adlı bölməsində  MDU rektoru "Yeni dövrün universitetinə çevrilmək yolunda: Mingəçevir Dövlət Universiteti təcrübəsi" mövzusunda təqdimatla çıxış etmişdir.

Eləcə də, cari tədris ilində Belarus Respublikasının Baranoviç Dövlət Universiteti ilə reallaşdırılan layihə çərçivəsində MDU-nun təcrübəli akdemik heyət üzvləri tərəfindən keçirilən mühazirələr bu ali təhsil müəssisəsinin tələbə və magistrantlarının böyük marağına səbəb olmuşdur.

Beləliklə, dövlətin və tərəfdaşların dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri yeni inkişaf mərhələsində olan universitetin strateji hədəflərinə yaxınlaşmasına böyük zəmin yaratmışdır.

Cari ilin iyunun 28-də nazir Emin Əmrullayevin MDU-ya gəlişi universitetə göstərilən diqqət və dəstəyin ifadəsi, eləcə də əldə edilən uğurların məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Nazir universitetə ziyarəti çərçivəsində MDU-da Kiber Təhlükəsizlik Laboratoriyasının açılışında, magistrantların "Poster Sessiyası"nda və "Məzun Günü 2022" tədbirində iştirak etmiş, yeni kampus üçün ayrılmış əraziyə baxış və kollektiv üzvləri ilə görüş keçirmişdir.

Beləliklə, dövlətin və tərəfdaşların dəstəyi ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri yeni inkişaf mərhələsində olan universitetin strateji hədəflərinə yaxınlaşmasına böyük zəmin yaradır.

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

Xəbər lenti