Logo

Peşə təhsilinin təşviqi məqsədilə yeni kampaniyaya start verilib

11.08.2022 16:05 417 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə ölkədə peşə təhsilinin təşviqi üçün yeni tanıtım kampaniyasına başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bldirilib ki, “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi əsasında təşkil edilən kampaniya çərçivəsində Gəncə şəhərində müxtəlif peşə istiqamətlərini əhatə edən posterlər yerləşdirilib.

Bakıda isə innovativ yanaşma olaraq rəqəmsal kürək çantalarından istifadə edilib. Paytaxtda aparılan səyyar təşviqat fəaliyyəti ilə peşə təhsili haqda məlumatlar eyni anda şəhərin müxtəlif məkanlarında çoxsaylı insana çatdırıla bilir.

#SənDəPeşəyəGəl çağırışı ilə təşkil edilən bu kampaniyanın peşə təhsili müəssisələrinə tələbə qəbulu müddətində davam etməsi planlaşdırılır.
Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılacaq. Həmçinin dual təhsil proqramına müraciət edərək təhsil müddətində müxtəlif özəl sektor müəssisələrində iş yerində öyrənmə imkanı əldə etmək olar. Müraciətlər avqustun 12-dək qəbul edilir.

Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə məktəblərinin müasirləşdirilməsinə kömək etməkdir.

Xəbər lenti