Logo

Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək - VİDEO

11.08.2022 13:08 365 baxış
IMG

Avqustun 17-də dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək yubiley tədbiri “Yaşıl Teatr” Bakı Konsert Kompleksində olacaq.

Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov Dinarə Əliyeva, Elçin Əzizov, Emin, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstan Respublikasının Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, İtaliyalı tenor, dünya şöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiya Federasiyasının Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar çıxış edəcəklər. Yubiley gecəsində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.

Konsertə biletləri iticket.az saytı və kassalarından əldə etmək olar.

Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Xəbər lenti