Logo

Azərbaycan Universiteti 23 ixtisas üzrə qəbul aparacaq

11.08.2022 10:47 389 baxış
IMG

Azərbaycan Universiteti 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə 23 ixtisas üzrə qəbul aparacaq.

Azərbaycan Universiteti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bütün ixtisaslara dövlət sifarişi ilə qəbul mümkündür. Qəbul planı, keçid balları, ödənişlər, xaricdə təhsil və akademik təcrübə haqqında məlumat universitetin saytında və digər internet resurslarında yerləşdirilib.

Tədris Azərbaycan və ingilis dillərindədir. Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan tələbələr üçün təhsil müddəti 1 il dil hazırlığı olmaqla 5 ildir. İngilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən sertifikatlardan birini universitetə təqdim edən, yaxud daxili yerləşdirmə testindən uğurla keçən tələbələr birbaşa I kursa başlaya bilərlər.

Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq dövlət büdcəsinin hesabına təqaüd ala bilirlər. Təqaüdlərin aylıq məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.

Beynəlxalq münasibətlər ixtisasına bu il ilk dəfə qəbul aparılacaq. Universitetə ən yüksək balla qəbul olan tələbə Şəhid Fəxrəddin Qurbanlı təqaüdünü alacaq.

Qeyd edək ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Abituriyentlər və subbakalavrlar avqustun 16-dan 28-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisasların kodlarını elektron ixtisaslaşma seçimi ərizəsində qeyd edib təsdiqləməlidirlər. Onlar həmçinin ixtisas seçimi günlərində texniki dəstək və məsləhət xidməti üçün Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz, 2018-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılıb və artıq 5 ildir ki, ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Xəbər lenti