Logo

Əlcəzair portalında Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı yayımlanıb

07.08.2022 00:41 349 baxış
IMG

Əlcəzairin “Əl Hərir” portalında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktı ilə bağlı bəyanatı yayımlanıb.

AZƏRTAC-a istinadla yayımlanan bəyanatda bu təcavüz aktının öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı olduğu, Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat xarakteri daşıdığı bildirilir. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, dindən sui-istifadə edən “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması nifrətə çağırış kimi dəyərləndirilə bilər.

Əlcəzair portalında qeyd olunub ki, QMİ dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdən biri olan Azərbaycanda radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer olmadığını, burada dindarların heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklərini bəyan edib. Eyni zamanda, bəyanatda düşmən qüvvələrin də Azərbaycanın Zəfərinin əsas mənbəyinin milli, dini birlik olduğunu yaxşı bildikləri, bu səbəbdən məhz bu birliyi hədəf aldıqları vurğulanıb.

Xəbər lenti