Logo

“World Skills International” təşkilatına üzvlük istiqamətində son hazırlıq işləri aparılır

06.10.2020 09:42 410 baxış

Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi üzrə son hazırlıq işləri aparılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tehsil.biz  bildirilib ki, həftə ərzində agentliyin nümayəndələri ilə əlaqələndirmə görüşləri təşkil olunub. Görüşlər zamanı “World Skills International” təşkilatının fəaliyyət prinsipləri, standartları və eyni zamanda, peşə yarışlarının keçirilmə qaydaları və proseduraları barədə Azərbaycan tərəfinə ətraflı məlumat verilib.

Qeyd edək ki, “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edir və peşələrin olimpiadası kimi tanınır. Azərbaycanın sözügedən təşkilatın cari ilin oktyabrında keçiriləcək ümumi yığıncağında üzvlüyünün təsdiqlənməsi gözlənilir.

Xatırladaq ki, ötən həftə Təhsil naziri Emin Əmrullayevlə təşkilatın rəhbər heyəti arasında onlayn görüş təşkil olunub. Görüşdə Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyünün rəsmiləşdirilməsi çərçivəsində ölkənin qarşısında duran əsas prioritetlər və üzvlüyün ölkə üçün yaradacağı imkanlar müzakirə olunub. Təşkilata üzvlüyün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində görülən tədbirlərin məntiqi davamı olduğu vurğulanıb.

Xəbər lenti