Fidan Qədimalıyeva Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının builki məzunlarındandır.
Tehsil.biz xəbər verir ki, o, BANM-ə 2017-ci ildə 672 balla daxil olub. Fidan BANM-in Kimya mühəndisliyi kafedrasında işə qəbul olub.
O, tələbəlik illərində aktivliyi ilə seçilib. BANM-in Tələbə Gənclər Təşkilatının fakültə sədri olub. Mühəndislik təhsili alan tələbələr üçün onlayn materialların hazırlanması və müxtəlif platformalarda yayımlanmasında fəal iştirak edib. Komandaların tərkibində müxtəlif startap layihələrinə qatılıb. Bakı Ali Neft Məktəbində hər il keçirilən Tələbə və Gənc Tədqiqatçıların Elmi Konfranslarında iştirak edib, məqalələri çap olunub. “Neftin tərkibində olan kükürdün zeolit əsaslı katalizatorlarla təmizlənməsi” adlı elmi məqaləsi Konfransın “Kimya mühəndisliyində dayanıqlı inkişaf” kateqoriyasında qaliblərdən olub. Fidan həm də “Technip Energies” və Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş MTTP layihəsinin qaliblərindəndir. SOCAR-ın müxtəlif müəssisələrində (Heydər Əliyev adına Neft Emalı Zavodu, Sumqayıtdakı Karbamid zavodu və Türkiyənin İzmir şəhərindəki “Petkim” neft-kimya kompleksi) təcrübə keçib.
Fidan bildirir ki, BANM ona yüksək keyfiyyətli təhsil, hər zaman məsləhət ala biləcəyi ziyalı müəllimlər və ən əsası motivasiya mənbələrindən biri olan dostlar qazandırıb:
“Təhsil aldığım 5 il müddətində özümdə köklü dəyişikliklər hiss edirəm. BANM məni bir şəxsiyyət olaraq formalaşdırdı. Çətin vəziyyətlərdən çıxmağı, bəzən çətin olsa da, pozitiv qalmağı öyrətdi. Güclü rəqabət mühitində birliyin, dostluğun qalib gəldiyini öyrəndim”.
Fidan bildirir ki, BANM-də akademik fəaliyyətini davam etdirmək üçün yaradılan yüksək imkanlar burada çalışmağı seçmə səbəblərindən biridir:
“Rəhbərlik tərəfindən yaradılmış nizam-intizam, şəffaflıq və səmimi ailə mühiti mənim burada çalışmağım üçün ideal şəraiti yaradır. Hər zaman örnək aldığım müəllimlərimlə birgə işləmək də bir motivasiya mənbəyidir. Hələ onlardan öyrənəcəyim çox şeylər var”.