Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup tələbəsi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla görüşüb.
Tehsil.biz xəbər verir ki, görüş Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində fərqlənən tələbələrlə uğurlu rəhbər şəxslərin görüşü çərçivəsində həyata keçirilib. Rövşən Rüstəmovla görüşə BANM-də keçirilən təlimlərdə iştirakı ilə fərqlənən 4-ü Prezident təqaüdçüsü olmaqla Ali Məktəbin 14 tələbəsi dəvət edilib.
Əvvəlcə BAMF-in prezidenti Umud Mirzəyev layihə barədə məlumat verib. Daha sonra Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov tələbələrlə səmimi söhbət edib. O, karyera yolu, qarşısına çıxan çətinliklər, tələbəlik illəri, eyni zamanda həyat yolundan danışıb. Rövşən Rüstəmov vurğulayıb ki, uğurun açarı zəhmət və elmdən başlayır: “Aydın məqsədlərə malik adi insan nə istədiyini dəqiqləşdirə bilməyən fitri istedada malik insandan qat-qat artıq nailiyyətlər əldə edir”.
Nazir müavini tələbələrin suallarını cavablandırıb, onlara iş və şəxsi həyatının prioritetlərindən bəhs edib.
Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçirilib.





