Logo

Ağsuda kənd məktəbi üçün yeni bina tikilir

18.01.2021 17:58 648 baxış
IMG

Ağsu rayonunun iri yaşayış məntəqələrindən olan Ərəbuşağı kəndində tam orta məktəb üçün yeni bina inşa olunur.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd məktəbi üçün təzə tədris ocağı Təhsil Nazirliyinin sifarişi ilə tikilir. Bina 360 şagird yerlikdir, ikimərtəbəli və zirzəmili olacaq. Burada təhsilin müasir tələblər səviyyəsində təşkili üçün bütün lazımi şərait yaradılacaq. İstilik sistemi ilə təchiz ediləcək tədris ocağında 30-dək sinif otağı, xüsusi avadanlıqlarla təmin edilən laboratoriyalar, qış idman zalı fəaliyyət göstərəcək.

 

Həyətyanı sahədə futbol, voleybol meydançaları, habelə müxtəlif idman avadanlıqlarından ibarət meydança qurulacaq. 3996 kvadratmetr ərazisi olan tədris ocağının tikintiyə və idman meydançasına aid olmayan qalan sahəsində park salınacaq. Bu da ərazinin, demək olar ki, yarısını əhatə edəcək. Parkın su təchizatı üçün artezian quyusunun qazıntısı da nəzərdə tutulub. Qeyd edək ki, məktəb binası üçün yeni binada artıq zirzəminin və birinci mərtəbənin hörgüsü başa çatıb. Hazırda işlər sürətlə davam etdirilir.

 

Tədris ocağının cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti