Logo

Azərbaycanın ali məktəbləri proqramlaşdırma üzrə beynəlxalq yarışda iştirak edib - FOTOLAR

04.07.2022 17:57 273 baxış
IMG

Gürcüstanın paytaxtı Tbilisidə Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin növbəti mərhələsi (ICPC) keçirilib.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, Suxumi Dövlət Universitetində təşkil olunan yarışda Gürcüstan, Azərbaycan və Ukraynanın ali təhsil ocaqlarını təmsil edən komandalar iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, ADA Universitetinin riyaziyyat üzrə professoru Fuad Hacıyev bildirib ki, çempionatın yarımfinal mərhələsində 29 komanda iştirak hüququ qazansa da, quru sərhədlərin bağlı olması səbəbindən onların yalnız 7-si yarışa qatıla bilib. Həmin komandalardan 3-ü ADA Universiteti, 2-si Azərbaycan-Fransız Universiteti, 1-i Azərbaycan Texniki Universiteti, digər 1-i isə Azərbaycan Dövlət Neft və Sənaye Univesitetini təmsil edib. Komanda üzvlərinin ümumi sayı 18 nəfər təşkil edib.

ICPC-nin Cənubi Qafqaz üzrə direktoru Teodere Zarkua Azərbaycandan olan komandaların yaxşı nəticələr göstərdiyini bildirib: “Azərbaycanlı tələbələr yarışa yaxşı hazırlaşıblar. Gürcüstanı təmsil edən Azad Universitetin komandası finalda ADA Universitetinin komandası ilə qarşılaşdı. Bu komanda dünya çempionatında bir dəfə iştirak edib və ilk 50-liyə daxil olub. Biz Azad Universitet komandasının böyük fərqlə qələbə qazanacağını düşünürdük. Lakin ADA Universitetinin komandası bu komanda ilə eyni sayda tapşırıq yerinə yetirdi, sadəcə vaxt baxımından geri qaldı”.

Yarışların nəticəsi olaraq ADA Universitetinin iki komandası birinci və ikinci dərəcəli diploma layiq görülüb. Azərbaycan- Fransız Universiteti də ikinci dərəcəli diplomala təltif olunub. Yarışda ilk dəfə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Univesitetinin komandası, ADA Universitetinin digər bir komandası və Azərbaycan Texniki Universitetinin komandası üçüncü dərəcəli diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, ICPC dünyanın ən nüfuzlu intellektual yarışması hesab olunur. Tbilisidə keçirilən çempionatın əsas sponsoru kimi “Huawei” şirkəti çıxış edib.

Xəbər lenti