Logo

Şərqşünaslıq İnstitutunda Qulam Məmmədliyə həsr olunmuş elmi sessiya təşkil edilib - FOTO

04.07.2022 17:54 321 baxış
IMG

İyulun 4-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qulam Məmmədlinin yaradıcılığında Cənubi Azərbaycan mövzusu” adlı elmi sessiya keçirilib.

Tehsil.biz xəbər verir ki, elmi sessiya görkəmli publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin 125 illik yubileyinə həsr olunub.

Tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq Azərbaycan mədəniyyəti tarixində unudulmaz adlardan olan Qulam Məmmədlinin teatr tarixinin nadir bilicilərindən olduğunu söyləyib. Gövhər Baxşəliyeva Qulam Məmmədlinin Azərbaycan mədəniyyətində böyük xidmətləri olduğunu, onun Azərbaycanda salnaməçilik ənənəsini yaratdığını qeyd edib.

Elmi sessiyada Qulam Məmmədliyə həsr olunmuş film nümayiş etdirilib. Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi “Qulam Məmmədli Azərbaycanın görkəmli ictimai-siyasi və mədəni xadimi kimi” mövzusunda məruzə edib. Solmaz Rüstəmova-Tohidi Qulam Məmmədlinin həyat və fəaliyyəti, yaradıcılığı barədə danışaraq, onun Azərbaycan teatr sənətinin inkişafında gördüyü işlər haqqında geniş danışıb. Məruzəçi Azərbaycanda salnamə ədəbiyyatının əsasını qoyan Qulam Məmmədlinin Vətənə, xalqa təmənnasız xidmətin bir nümunəsi olduğunu qeyd edib.

AMEA-nın Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimova Qulam Məmmədlinin təzkirəsi, Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyeva Q.Məmmədlinin əsərlərində Cənubi Azərbaycan tarixi məsələləri haqqında məruzə ediblər. Həmçinin İran filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Günay Verdiyeva Qulam Məmmədlinin Cənubi Azərbaycan ədəbiyyatında ədəbi axtarışlarında, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov Qulam Məmmədlinin “Azərbaycan” dərgisində çap olunmuş iki məqaləsi barədə məruzə ediblər.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

 

Xəbər lenti