Logo

Geologiya və Geofizika İnstitutunda ADNSU-nun kafedrasının filialı fəaliyyət göstərəcək - FOTO

04.07.2022 14:11 367 baxış
IMG

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, İclasda müəssisənin baş direktoru akademik Akif Əlizadə iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib və institutun strukturunda edilən qismən dəyişikliklər haqqında məlumat verib.

AMEA-nın müxbir üzvü Tələt Kəngərli Azərbaycan Respublikasının 1:200000 – 1:500000 miqyaslı geoloji təyinatlı xəritələrinin hazırlanması təşəbbüsü ilə çıxış edib.

Tədbirdə, həmçinin yer elmləri doktoru Qulam Babayevin beynəlxalq laboratoriyalarda aparılan müştərək elmi-tədqiqat işlərinin gedişatı haqqında məlumatı dinlənilib. Alim bildirib ki, ilk müştərək işlər 2014-cü ildən AMEA və İtaliya Milli Tədqiqatlar Şurasının elan etdiyi proqram çərçivəsində reallaşıb, daha sonra ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılıb. Bu dövr ərzində müştərək fəaliyyət xeyli səmərə verib, diqqətəlayiq elmi nəticələr əldə edilib.

Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Faydalı qazıntı yataqlarının geologiyası və işlənilməsi kafedrasının filialının yaradılması haqqında universitetin Geoloji-kəşfiyyat fakültəsinin dekanı Nemət Paşayevin və kafedra filialının rəhbəri Nəriman Qurbanovun məlumatları şura üzvləri tərəfindən maraqla qarşılanıb. N.Paşayev vurğulayıb ki, akademik Akif Əlizadənin daim təkidlə səsləndirdiyi elmlə təhsilin vəhdəti prinsipinə uyğun olaraq, tədrisin elmləşdirilməsi məqsədilə yaradılan kafedranın filialı bu ilin sentyabr ayından fəaliyyətə başlayacaq.

Sonda iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

 

Xəbər lenti