Logo

“İnformatika” fənnini öyrətmək və öyrənmək istəyənlər üçün dəyərli vəsait

03.07.2022 20:15 574 baxış
IMG

R.Mahmudzadə, İ.Calallı. İnformatika. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və  müəllimlər üçün ƏL KİTABI, 2 hissədə - “Bakı” nəşriyyatı, 2022.

İnformatika müstəqil elm kimi XX əsrin ortalarında, ilk növbədə, elektron hesablayıcı maşınların ixtirası sayəsində formalaşmışdır. Belə ki, ötən əsrin 70-ci illərində mikroprosessorların ixtirası və onların əsasında mikrokompüterlərin və fərdi kompüterlərin yaradılması ilə insan fəaliyyətinin bir çox sahələrinin informasiyalaşdırılması prosesi başlandı. Bu proses təbii olaraq təhsil sisteminə də öz təsirini göstərdi. Əhalinin kütləvi kompüter savadlılığına tələbat yarandı. Belə bir şəraitdə “İnformatika” fənninin ümumtəhsil məktəblərinin tədris proqramlarına daxil edilməsi məsələsi aktuallaşdı.

1985-ci il sentyabrın 1-dən keçmiş SSRİ-nin, o cümlədən Azərbaycan SSR-in ümumtəhsil məktəblərinin 9-cu sinfində yeni fənnin - “İnformatika və hesablama texnikasının əsasları” ("Osnovı informatiki i vıçislitelğnoy texniki") fənninin tədrisinə keçildi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra 1993-cü ildə IX və X siniflər üçün yeni dərslik hazırlandı və tətbiqinə başlandı.

1997-ci ildə ümumtəhsil məktəbləri üçün “İnformatika” üzrə ilk yeni proqram hazırlandı və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edildi.

1999-cu il iyunun 15-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının təsdiq edilməsi haqqında” 168 saylı sərəncamı imzalandı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 aprel 2000-ci il tarixli 280 saylı əmri ilə ümumtəhsil məktəblərinin yeni bazis tədris planları təsdiq edildi və 2000/2001-ci dərs ilindən bu tədris planı tətbiq olunmağa başlandı. Ümumtəhsil məktəbləri üçün yeni şəraitə uyğun “İnformatika” proqramları (V-XI siniflər) hazırlandı.

Dünya Bankının himayəsi ilə reallaşdırılan “Təhsil Sektorunun İnkişafı Layihəsi”nə əsasən, “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” komponenti çərçivəsində “Kurikulum islahatı” alt-komponenti üzrə icra planına uyğun olaraq Təhsil Nazirliyinin 08.02.2006-cı il tarixli 87 nömrəli əmri ilə “İnformatika” fənn kurikulumunun və müvafiq qiymətləndirmə standartlarının hazırlanması məqsədilə işçi qrupu yaradıldı və həmin qrup “İnformatika” fənn kurikulumunu hazırladı. Bu kurikuluma əsasən, ümumtəhsil məktəblərində “İnformatika” fənninin tədrisi ümumi təhsil pilləsinin bütün siniflərində, yəni 1-ci sinifdən 11-ci sinfədək nəzərdə tutuldu. 

2005-2010-cu illərdə 1-11-ci siniflər üçün yeni “İnformatika” dərslikləri, 2006-2017-ci illərdə isə yeni kurikuluma uyğun olaraq yeni nəsil 1-11-ci siniflər üçün dərslik komplektləri hazırlanaraq çap olundu. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 12 mart 2022-ci il tarixli Qərarına əsasən, 2023/2024-cü tədris ilində 1-ci ixtisas qrupu üzrə riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər 2-ci mərhələdə “Fizika”, “Riyaziyyat” və “İnformatika” fənlərindən imtahan verəcəklər.

Deyilənlər nəzərə alınaraq, ötən müddətdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “İnformatika” fənni üzrə kurikulumun təlim nəticələrinə uyğun qəbul proqramı hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir. Proqrama ümumi təhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzular daxil edilmişdir.

Məsələnin bu cür qoyuluşu ali təhsil müəssisələrinə qəbulda “İnformatika” fənninə yeni status verilməsi qəbula hazırlaşan abituriyentlər, “İnformatika” fənnini tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə ehtiyac yaratmışdır.

Bu məqsədlə hazırlanmış və bu günlərdə 1-ci hissəsi çapdan çıxmış sözügedən kitab ilk növbədə 2023/2024-cü tədris ilində “İnformatika” fənnindən qəbul imtahanı verəcək məktəblilərin (abituriyentlərin) həmin imtahana sistemli şəkildə hazırlaşmaları üçün nəzərdə tutulmuşdur. Kitabın hazırlanması zamanı DİM tərəfindən təqdim olunmuş “İnformatika” fənni üzrə qəbul imtahanın proqramı və imtahan modeli, eləcə də hazırda istifadədə olan V-XI siniflər üçün “İnformatika” dərslikləri əsas götürülmüşdür. Kitab sadə və anlaşıqlı dildə yazılmış, “Bakı” nəşriyyatı tərəfindən yüksək dizaynla çapa hazırlanmış, mətnlər mənimsəməni asanlaşdıracaq sxem, şəkil və illüstrasiyalarla zənginləşdirilmişdir. Bu da müxtəlif səviyyəli şagirdlərin (abituriyentlərin) imtahana effektli hazırlaşmalarına yardım edəcəkdir.

Kitab 17 bölümdən ibarətdir və təqdim olunan materialın həcmi nəzərə alınaraq iki hissəyə ayrılmışdır.

1-ci hissə:

1. İnformasiya və informasiya prosesləri

2. Say sistemləri

3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi

4. Modelləşdirmə

5. Kompüterin aparat təminatı

6. Kompüterin proqram təminatı

7. Əməliyyat sistemi

8. Mətnlərin emalı

9. Elektron cədvəllər

2-ci hissə:

10. Verilənlər bazası

11. Kompüter qrafikası

12. Alqoritm

13. Proqramlaşdırma

14. Kompüter şəbəkələri

15. İnternet

16. Veb-proqramlaşdırma

17. İnformasiya təhlükəsizliyi

Hər bir bölüm bir neçə mövzudan ibarətdir. Hər mövzuya uyğun verilmiş nəzəri materiallar çoxsaylı örnəklərlə (testlərlə) müşayiət olunur. Məsələ həlli tələb edən mövzularda ehtiyac olduğu qədər nümunələr verilir. Mövzunun sonunda isə mənimsəməni dərinləşdirmək, möhkəmləndirmək və dəyərləndirmək üçün müstəqil qiymətləndirmə tapşırıqları verilir. Bu tapşırıqlar DİM-in elan etdiyi imtahan modelinə uyğun hazırlanmışdır. Hər bölümün sonunda isə “Ümumiləşdirici tapşırıqlar” verilmişdir.

Bu kitabın ilk növbədə “İnformatika” fənnindən qəbul imtahanı verəcək məktəblilərin (abituriyentlərin) həmin imtahana hazırlaşmaları üçün nəzərdə tutulsa da, kitab ümumtəhsil məktəblərinin 5-11-ci siniflərində dərs deyən informatika müəllimləri üçün də əvəzsiz tədris vəsaiti olacağına inanırıq. Belə ki, eyni mövzuya aid olan, ancaq kurikuluma uyğun olaraq ümumi təhsil pilləsinin fərqli səviyyələrinə (siniflərinə) paylanmış bir sıra mövzular burada daha sistemli verilmiş, daha ətraflı izah edilmişdir.

İnanırıq ki, hər mövzuya aid mənalı və məntiqli test tapşırıqları isə müxtəlif qiymətləndirmələr aparılması üçün müəllimlərin yardımçısı olacaqdır.

Bundan başqa, bu tədris vəsaitindən yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində “İnformasiya texnologiyalarının əsasları” fənnini öyrənən tələbələr də yararlana biləcəklər. Kitabın İKT sahəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı olacağına əminik.

Bir neçə kəlmə də kitabın müəllifləri haqqında demək istərdik. Belə ki, Ramin Mahmudzadə və İsmayıl Sadıqov (Calallı) informatika nəzəriyyəsi və informatikanın tədrisi metodikası, eləcə də, İKT sahəsində tanınmış və təcrübəli mütəxəssislərdir. Müəlliflərin ümumi təhsil və ali məktəb informatikası üzrə dərslik və metodik ədəbiyyatın işlənib hazırlanmasında, təhsil sisteminin müxtəlif pillə və səviyyələrində “İnformatika”nın tədrisi texnologiyası sahəsində böyük təcrübələri vardır. Onlar həmçinin ümumi təhsil müəssisələrində hazırda istifadədə olan “İnformatika” (I-XI siniflər) dəsrlikləri və müəllimlər üçün metodik vəsaitlərin müəllifləridir.

Əminik ki, bu tədris vəsaiti “İnformatika” fənnini öyrətmək və öyrənmək istəyənlərin əlindən düşməyəcək bir kitab olacaqdır.

Yadigar İMAMVERDİYEV,

texnika elmləri doktoru, AzTU-nun Süni İntellekt İnstitutunun icraçı direktoru

Xəbər lenti