Logo

DİM sədrindən buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması barədə AÇIQLAMA

02.07.2022 16:22 466 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib.

O, “Report”un sualına cavab olaraq bildirib ki, buraxılış və qəbul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir.

DİM sədri deyib ki, kütləvi prosesi xarakterizə edən orta abituriyentin nəticələri, yaxud misal olaraq, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayıdır:

“Bu, daha vacib göstəricilərdir. Hər zaman qeyd etmişəm ki, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Çünki onlar onsuz da eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, hansısa bir suala cavab verməyib, yaxud texniki səhvə görə 700 bal toplaya bilməyib. Bu da formal göstəricidir. Əsas onu araşdırmaq lazımdır ki, ildən-ilə vəziyyət necə dəyişir? Təhsil sistemində hansı nəticələri görürük?”

M.Abbaszadə buraxılış imtahanlarında daha çox müsbət tendensiyanın müşahidə olunduğunu söyləyib:

“Xüsusilə Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Hələ ki xoşagəlməz nəticələr riyaziyyat fənnindədir ki, bunu da açıq şəkildə deyirik. Ola bilsin ki, bu il 11-ci sinfi bitirən şagirdlər riyaziyyat fənnini ayrı dərsliklərdən keçiblər, yaxud dərslikləri 7-8-ci siniflərdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır. Ümumilikdə isə hansısa detalı götürüb ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil”.

“Buraxılış imtahanında maksimal 300 balı toplayanların qəbul imtahanında iki cəhdlik seçimdə iştirak etmək şansları var. Lakin buraxılış imtahanında 300, qəbul imtahanının ilk cəhdində də 399 bal toplayan abituriyentə ikinci cəhddə iştirakını rəva bilməzdim ki, mütləq 700 bal toplasın. Bu ona heç lazım da deyil. Çünki bu ona fiziki cəhətdən ağır olacaq. Hər bir şəxs bu imtahanları verdikdə əvvəlcədən fikirləşməlidir ki, hansı istiqamətə gedəcək və nə işlə məşğul olacaq. Bu suallar üzərində fikirləşməlidir. Biz bu istiqamətdə işləməliyik. Abituriyentləri mütləq şəkildə “700 bal toplamalısan” basqısı altında saxlamaq olmaz. Lazım olmayan faktı müzakirə etmək doğru deyil. Daha mürəkkəb faktlar və məsələlər var. Bunun üçün elmi yanaşma lazımdır”, - deyə M.Abbaszadə qeyd edib.

Xəbər lenti