Logo

Şeirə düzgün qiymət verəcəyimə əmin deyiləm - Herman Hessenin essesi

02.07.2022 13:44 355 baxış
IMG

Kulis.Az Xanım Aydının tərcüməsində Herman Hessenin “Şeirlər haqqında” essesini təqdim edir.

Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən, adı belə idi - "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı giliz toplayan bir balaca qəhrəman oğlan haqqında idi. Biz heyran olmuşduq. Səsində qəribə istehza olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi söylədik. O isə gülümsəyərək başını yellədib dedi: "Xeyr, uşaqlar, bu pis və zəif şeirdi". Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə yaxşı deyildi, saxta, mənasız və maraqsız idi. Lakin bütün bunlara baxmayaraq bizi heyran etmişdi.

On ildən sonra, artıq iyirmi bir yaşım olanda mən elə ilk oxunuşdanca düşünmədən bu şeirin yaxşı və ya pis olduğunu duya bildim. Bundan ötrü bir neçə sətrə göz gəzdirmək yetərli idi.

O vaxtdan daha bir neçə on illiklər keçib. Oxuduğum şeirlərin sayı-hesabı yoxdur. Lakin yenə də şeirə düzgün qiymət verə biləcəyimə əmin deyiləm. Müəlliflər mənə tez-tez şeirlərlə müraciət edirlər. Onlar adətən şeir haqqında rəy almaq və naşir tapmaq arzusunda olan gənclər olur. Və həmin o gənclər səriştəli sandıqları yaşlı həmkarların əslində, təcrübəsiz olduğunu, əlyazmalarını tərəddüd içində səhifələdiyini görəndə pərişan olurlar. İyirmi yaşındaykən iki dəqiqəyə edə biləcəyim işi indi etməyə çətinlik çəkirəm. Hətta bu mənə mümkünsüz görünür. Gənc çağlarımda düşünürdüm ki, "təcrübə" özü-özünə yaranır. Lakin bu heç də belə deyil. Təcrübə baxımından istedadlı insanlar var. Bu istedad onlarda məktəb yaşlarından, hətta ana bətnindən yaranıb. Lakin başqaları da var. Onlar "təcrübənin" nə olduğunu anlamadan altmış il, yüz il ömür sürə bilərlər. Mən də belələrindənəm.

İyirmi yaşındaykən mənim şeir haqqındakı rəylərim müəyyən şeirlərə və şairlərə olan sevgimə əsaslanırdı. O sevgi elə böyük idi ki, demək olar hər bir kitabı, hər bir şeiri məhz onlarla müqayisə edirdim. Əgər onlar arasında uyğunluq, oxşarlıq olurdusa, deməli yaxşıydı, yoxuydusa heç nəyə yaramırdı.

İndi də mənim xüsusilə rəğbət bəslədiyim, sevdiyim şairlər var. Onlardan bəziləri elə əvvəllərdən xoşuma gələnlərdir. Bu gün isə o şairlərdən hər hansı birini xatırladan şeirləri dinləyəndə, artıq onlara şübhə ilə yanaşıram.

Şairlərdən və şeirlərdən danışmayacağam. Mən ancaq öz müəllifindən başqa hamının orta səviyyəli, zəif, mənasız, kasad hesab etdiyi "pis" şeirlərdən söhbət açacağam. Yaşadığım illər boyunca bu cür şeirlərdən xeyli oxumuşam. Əvvəllər mən onların pis olduğunu və niyə görə pis olduğunu yaxşı bilirdim. Bu gün isə mən buna çox da əmin deyiləm. Birdən birə istənilən adətkarlıq kimi bu əminlik və biliyimə də şübhə ilə yanaşmağa başladım. Nədənsə mənə quru, darıxdırıcı, yad və zərərli göründü. Nəhayət, əhəmiyyətini itirmiş, köhnəlmiş, artıq keçmişdə qalmış, dəyərini bilmədiyim bir şeyə çevrildi.

Bəzən indi elə olur ki, "pis" şeirlərə xeyir-dua verərək, tərifləmək istəyirəm, yaxşı şeirlərisə, əksinə, tərifləməyə tərəddüd edirəm.

Eynilə həmin hissləri bəzən professora, məmura və ya hər hansı bir dəliyə qarşı hiss edirik. Axı biz cənab məmurun gözəl insan, cəmiyyətçün faydalı bir vətəndaş olduğuna, dəlininsə yazıq, çarəsiz, xəstə, hamını ona yazığı gəldiyinə və onu tam normal hesab etmədiyinə əminik. Lakin bəzən bir professorla və ya dəliylə söhbətləşəndən sonra, həqiqətin tam əksinə olduğunu görürük. Dəli dediyimiz adam sakit, özünə əmin, xoşbəxt, Allahın sevimlisi, özünəməxsus xarakterli, inamlı bir adam, professor isə aşağı səviyyəli, simasız, marionet biri olur.

Bax elə eyniylə bu cür hissləri bəzən mən pis şeirləri oxuyanda duyuram. Onlar birdən-birə gözümə heç də pis görünməyib xüsusi bir ətrə, özünəməxsusluğa, uşaq həssaslığına malik olur. Məlum həmin o zəif nöqtələri, çatışmazlıqları orijinal, xoş, gözəl görür, sevimli və gözəl şeirlərlə müqayisə zamanı isə onları rəngsiz, solğun və şablon kimi qəbul edirəm.

Ekspressionizmin araya gəlməsi ilə biz buna bənzər halları bəzi gənc şairlərin də yaradıcılığında müşahidə edirik. Həmin şairlər daha qəsdən "yaxşı" şeirlər yazmırlar. Onlar kifayət qədər gözəl şeirlərin olduğunu düşünürlər. Bu dünyada öz-özünə doğulduğunu zənn edib gözəl şeirlər qatarına bənd olaraq çox-çox əvvəllərdən başlamış "kim kimi üstələyəcək" oyununa qoşulmurlar. Yəqin ki, onlar tamamilə haqlıdırlar. Bəzən onların şeirləri də elə o cür təsirli səslənir.

Məsələnin nə yerdə olduğu bəllidir. Şeirin dünyaya gəlişinin məğzi birmənalıdır. O bir çağırış, hayqırtı, nəfəs, işarə, həyəcan dolu ürəyin reaksiyası, emosiyasıdır. Heç bir şeir bu başlıca, ilkin və ən vacib funksiyalara görə dəyərləndirilmir. Hər şeydən öncə o, şairin özünə müraciətdir - onun nəfəsi, səsi, xəyalı, təbəssümüdür. Kim gecə yuxularının estetik dəyərini, əl-qol hərəkətlərinin məqsədini, mimikaları və hərəkətləri mühakimə edər ki?! Ayaq və ya əl barmağını ağzına salıb sovuran körpə də qələminin başlığını gəmirən müəllif kimi, quyruğunu açan tovuzquşu kimi düzgün və ağıllı hərəkət edir. Onlardan heç biri bir-birinə nisbətən daha yaxşı və ya daha haqlı deyillər.

Bəzən müəllifə rahatlıq və yüngüllük gətirən hər hansı bir şeir bir başqasını sevindirə, həyəcanlandıra, kövrəldə bilər. Və bu bəzən gözəl olur. Bu, şeirdə hamıya aid nəsə olanda, hamının taleyində ola biləcək şeylər olanda mümkün olur. Lakin bunun da hər zaman mütləq belə olması vacib şərt deyil.

Məhz elə burda problemli dövri hərəkət başlayır. "Gözəl" şeirlər şairləri publikanın sevimlisi edir. Buna görə də şeirin yenidən zülməti başlayır - yaranışdan əvvəlki müqəddəs funksiyalarını unudaraq, hamısı ancaq gözəl olmaq istəyir. Bu cür şeirlər dinləyicilər üçün, oxucular üçün yaranır. Onlar nə şirin xəyal, nə rəqs hərəkəti, nə ruhun fəryadı, nə yaşananlara reaksiya, nə qarabasmalar, nə ovsun, cadu deyildir. Onlar publikadan ötrü uydurulmuş, əldə qayrılmış məmulat, fabrik məhsulu, konfetdirlər ki, yaymaq, satmaq üçün istehsal olunublar. Həmin məmulatlar alıcıları şənləndirmək, ruh yüksəkliyi vermək və ya əyləndirməkdən ötrü istifadəyə verilmişdir. Məhz onlar müvəffəqiyyət qazana bilir. Bu cür şeirdə ciddilik və sevgiylə yüklənmək lazım gəlmir. Onlar adamı incitmir, kədərləndirmir, əksinə şad və rahatlıq içində öz gözəl və sakit dalğalarında yelləndirirlər.

Bu "gözəl" şeirlər bəzən çərçivə boyunca qaydaya salınmış, uyğunlaşdırılmış əşyalar, professorlar və məmurlar kimi müəmmalı və xoşagəlməz ola bilirlər. O zaman ki, düzgün, ədalətli dünyadan bezib fənərləri sındırmaq, məbədləri yandırmaq istəyirsən, bütün "gözəl" şeirlər senzuraya məruz qalmış, kəsilmiş həddindən artıq münasib, əhliləşdirilmiş, ədəbli kimi görünür insana. Onda pis şeirlərə müraciət edirsən. Şeirlərin içində heç bir dənəsi də olsun pis olmur.

Lakin burada bizi məyusluq gözləyir. Pis şeirlərdən alınan zövq çox qısamüddətlidir. Onlar tez bezdirir. Bəs bu şeirləri oxumaq nəyə lazımdır ki? Olmaz ki hər bir kəs özü bu cür pis şeir yazsın? Girişin bu işə! Və görəcəksiniz ki, pis şeir yazmaq insana ən gözəl şeir oxumaqdan belə çox zövq verir.

“Kaspi” qəzeti

Xəbər lenti