Logo

UTECA-dan 740 tələbə məzun olub

02.07.2022 12:17 474 baxış
IMG

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Məzun günü” və “Məzun-2022” Əmək yarmarkası keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə Şəhər Təşkilatının, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun, eləcə də UTECA-nın əməkdaşlıq etdiyi müəssisə və təşkilatların nümayəndələri, rəhbər şəxsləri, valideynlər və məzunlar iştirak ediblər.

Rektor, professor Akif Süleymanov 1970-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən filial kimi əsası qoyulan və 1980-ci ildən institut statusu alan UTECA-nın 42-ci məzun buraxılışının qeyd olunduğunu bildirib.  Rektor məzunlara uğur, qətiyyət və əzm, öz üzərlərində daim çalışmağı arzulayaraq gələcək karyeralarında nailiyyətlər diləyib.

Daha sonra tədbirin fəxri qonaqları, professor-müəllim heyəti, valideynlər və məzunlar, eləcə də keçmiş məzunlar çıxış ediblər.

Universitetin ictimai həyatında aktivliyi, dərslərdə müvəffəqiyyəti ilə fərqlənən məzunlar, eləcə də UTECA basketbol komandasının üzvləri universitet və əməkdaşlıq etdiyi müəssisələr tərəfindən təşəkkürnamə, Fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

“Məzun günü” çərçivəsində təşkil olunan “Məzun-2022” Əmək yarmarkasında Azərbaycan Texnologiya Universitetinin fəal əməkdaşlıq etdiyi 50-yə yaxın müəssisə və təşkilat vakant yerlərlə çıxış edib.

Bu il UTECA-nı 615 bakalavr, 125 magistr bitirir ki, yarmarkada onlarla yanaşı,  UTECA-nın keçmiş məzunları da iştirak edib.

Tədbirdə UTECA Texnoparkının məhsulları, eləcə də Dizayn ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Xəbər lenti