Logo

Milli Məclisin MƏŞHUR SİMALARI: Hansı incəsənət adamları deputat olub?

02.07.2022 09:12 126 baxış
IMG

1995-ci ildən, yəni birinci çağırış üzrə seçkilər keçiriləndən bu yana Milli Məclisdə yüzlərlə müxtəlif deputat təmsil olunub. Onların içərisində bir çox maraqlı peşə sahibləri, o cümlədən incəsənət adamları da olub. Belə ki, bu günə qədər parlament kürsülərində bir çox aktyorlar, müğənni və ədəbiyyat adamları əyləşiblər.

Bizim.Media bu günə qədər Milli Məclisdə təmsil olunmuş incəsənət adamlarını araşdırıb.

Zeynəb Xanlarova

Parlamentdə ən çox təmsil olunmuş sənət adamı, dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarovadır. O, ümumilikdə, beş dəfə seçicilərinin rəğbətini qazanaraq 24 il deputat olub. Xalq artisti yalnız VI çağırış üzrə parlament seçkilərində namizədliyini irəli sürməyib.

Sabir Rüstəmxanlı

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da stajlı deputatlardandır. O, I, II, III, IV və VI çağırış parlament seçkilərində qələbə qazanaraq parlamentdə təmsil olunur. Hal-hazıra Milli Məclisin yeganə incəsənət xadimi hesab oluna bilər.

Maqsud İbrahimbəyov

Mərhum Xalq yazıçısı, rejissor və dramaturq Maqsud İbrahimbəyov 1995, 2000 və 2005-ci illərdə seçicilərinin etimadını qazanmağı bacarıb.

Vaqif Səmədoğlu

Mərhum Xalq şairi Vaqif Səmədoğlu II və III çağırış üzrə Milli Məclisin deputatı seçilib.

Yusif Səmədoğlu

Mərhum Xalq yazıçısı Yusif Səmədoğlu 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Lakin o, 1998-ci ildə dünyasını dəyişdiyi üçün 5 illik müddətini sona çatdıra bilməyib.

Bəxtiyar Vahabzadə

1995 və 2000-ci illərdə keçirilən seçkilərdə qələbə qazanan mərhum Xalq şairi Bəxtiyar Vahabzadə də Milli Məclisdə təmsil olunmuş ədəbiyyat xadimləri sırasındadır.

Zəlimxan Yaqub

Mərhum Xalq şairi Zəlimxan Yaqub da Bəxtiyar Vahabzadə kimi, 1995 və 2000-ci illərdə seçicilərinin etimadını qazanaraq parlamentə düşməyi bacarıb.

Anar Məmmədxanov

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib.

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar I və II çağırış dönəmlərində deputat olub.

Amaliya Pənahova

Xalq artisti, mərhum aktrisa Amaliya Pənahova1995-ci ildə I çağırış Milli Məclisdə deputat mandatını qazanmağa nail olub.

Ömər Eldarov

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş və xalq rəssamı Ömər Eldarov birinci çağırış Milli Məclisin deputatı olub.

Musa Yaqub

Mərhum Xalq şairi Ömər Eldarov və Amaliya Pənahova kimi 1995-ci ildə mandat qazananlar arasındadır.

Mikayıl Mirzə

Mərhum Xalq artisti, aktyor Mikayıl Mirzə də birinci çağırış Milli Məclisə deputat seçilib. İkinci dəfə isə 2002-ci ildə əlavə seçki yolu ilə millət vəkili olub.

Siyahıdan da göründüyü kimi, incəsənət xadimlərimizin ən çox mandat aldığı parlament məhz I çağırış olub. 1995-ci ildə keçirilən seçkilərdə siyahıda adları çəkilən 12 nəfər seçicilərin etimadını qazana bilib.

Xəbər lenti