Logo

NDU-da yaz semestrinin imtahan sessiyası başa çatıb

01.07.2022 19:09 411 baxış
IMG

Naxçıvan Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb.

Tehsil.biz xəbər verir ki, 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında imtahan gündəlik orta hesabla 60-65 qrup olmaqla 1000-1100 nəfər tələbənin iştirakı ilə baş tutub. İmtahanlar gün ərzində bütün fakültələr üçün 2 növbədə keçirilib. Əyani şöbədə semestr ərzində 26 min 689 tələbənin iştirakı ilə ümumi 1536 imtahanın 1067-i yazılı, 283-ü şifahi, 186-ı isə test üsulu ilə həyata keçirilib. 

Mərkəzləşmiş qaydada baş tutan yazılı imtahanlar 8 ədəd xüsusi  kamera ilə təchiz olunan zalda 50 nəfər nəzarətçi heyətin iştirakı ilə keçirilib. İmtahan qaydaları elan olunduqdan sonra bütün tələbələr üçün imtahan eyni vaxtda başlanıb. Təlimata uyğun aparılan imtahanların yoxlanması tam obyektiv şəkildə həyata keçirilib. Belə ki, imtahanlar bitən kimi tələbələrin imtahan nəticə vərəqələri yoxlama otağına aparılaraq ixtisas müəllimləri tərəfindən həmin gün yoxlanılıb və günün sonunda tələbənin imtahan nəticəsi şəxsi kabinetində yerləşdirilib. Həmçinin imtahan sessiyası ilə bağlı yaradılan 9 nəfərdən ibarət imtahan qərargahının üzvləri imtahan nəticələrinin şəffaf formada yoxlanılmasına ciddi nəzarət ediblər. Qeyd edək ki, qərargahın tərkibində universitetin rəhbər heyəti ilə bərabər tələbə təşkilatları, tələbə valideynləri  və media nümayəndələri təmsil olunublar. Bundan başqa tələbələrin apelyasiya komissiyasına müraciətləri  elektron formada həyata keçirilir, eyni zamanda komissiyanın cavabı da tələbələrin elektron poçt ünvanına göndərilir. 

Tələbələr  elektron test üsulu ilə verdikləri imtahanlarda müəyyən olunmuş vaxt ərzində minimum 700 sualdan seçmə üsulu vasitəsilə 50 sualı cavablandırıb. Nəzarətçilər tələbənin imtahanı bitirdiyini təsdiqlədikdən sonra, onlar imtahan nəticələri ilə bağlı dərhal məlumatı əldə edə bilib. Bildirək ki, imtahan sualları semestrin əvvəlində tələbələrin şəxsi kabinetində yerləşdirilib.

Vurğulayaq ki, hər test sualının düzgün cavabı 1 balla, yazılı imtahan üçün isə maksimum 10 balla qiymətləndirilib. 

Məlumat üçün onu da bildirək ki, tələbələr universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Eyni zamanda səhifədə yaradılan rektora müraciət bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaması yaradılan obyektiv şəraitin ideal göstəricisidir.

Xəbər lenti