Logo

Uşak Universitetinin rektoru BDU-da “Bəzi yeni ardıcıllıqlar fəzası” mövzusunda məruzə edib - FOTO

01.07.2022 18:51 338 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin növbəti elmi seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Türkiyə Respublikasının Uşak Universitetinin rektoru, professor Ekrem Savaş “Bəzi yeni ardıcıllıqlar fəzası” mövzusunda məruzə edib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Ekrem Savaşın türk dünyasının önəmli riyaziyyatçılarından biri olduğunu, dünyanın qabaqcıl elmi jurnallarında çox sayda elmi məqalələrinin çap edildiyini vurğulayıb.

Tədbirin moderatoru, professor Arif Səlimov Ekrem Savaşın elmi fəaliyyəti haqqında daha ətraflı məlumat verərək bildirib ki, o, 2010-cu ildən Türkiyə Elm və Texnologiya Komitəsinin (TÜBİTAK) Elmi araşdırmalara dəstək proqramları İdarə Heyətinin, 2012-ci ildən Türkiyə Elmlər Akademiyasının həqiqi üzvüdür. Ekrem Savaşın “Web of Science”da çap olunmuş  məqalələrinin sayı 266, həmin məqalələrə istinadların sayı 1964, H-indeksi isə 37-dir.

Daha sonra söz Ekrem Savaşa verilib. Məruzəçi tədbir iştirakçılarını rektoru olduğu Uşak Universiteti haqqında məlumatlandırıb. Qeyd edib ki, Uşak Universitetinin 14 fakültəsində 26 mindən çox, o cümlədən 55 xarici ölkədən tələbə təhsil alır.
Ekrem Savaş bildirib ki, təbiətşünaslığın bir çox sahələrində gedən proseslərin riyazi modelləşdirilməsi zamanı yeni fəzaların qurulmasına ehtiyac yaranır. O, bəzi yeni ardıcıllıqlar fəzasının qurulması və strukturu haqqında məlumat verib. Bildirib ki, yeni fəzalarda ardıcıllıqların statistik yığılması iqtisadiyyatda da mühüm əhəmiyyət kəsb edir.

Sonra Ekrem Savaş seminar iştirakçılarının suallarını cavablandırıb.

Seminarın sonunda BDU-nun rektoru Elçin Babayev Ekrem Savaşa elmi məruzəyə görə öz təşəkkürünü bildirib və Universitetin adından hədiyyə təqdim edib.

Xəbər lenti