Logo

Məktəb psixoloqları üçün stolüstü kitabın təqdimatı olub - FOTOLAR

01.07.2022 16:45 365 baxış
IMG

"Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, BP şirkəti və AzEdu Təhsil Portalının birgə layihəsi əsasında dərc olunan kitabın təqdimat mərasimində BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, məktəb psixoloqları və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Bəxtiyar Aslanbəyli Azərbaycanda ilk dəfə məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi əhatəli vəsaitin işıq üzü gördüyünü deyib.

AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı əsas məqsədin məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən psixoloji problemlər, stress, mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış emosional durumlar və onun sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etmək olduğunu qeyd edib. Həmçinin E.Eyvazlı layihənin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini söyləyib.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov məktəb psixoloqlarının bilik və bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsinin vacibliyindən danışıb. Bildirib ki, yeni nəşr bu işə öz töhfəsini verəcək. E.Nəsibov bölgələrdəki məktəb psixoloqlarının istifadə edə bilməsi üçün vəsaitin elektron variantda əlçatanlığının təmin edilməsini də təklif edib.

Nazirin müşaviri onu da vurğulayıb ki, yeni tədris ilindən 15 məktəbdə "Məktəb, Ailə, İcma Birliyi" layihəsinin tətbiqi planlaşdırılır.

Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva kitabın ümumi təhsil məktəblərində psixoloji işin təşkilinə, uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Həmçinin faydalı təşəbbüsün reallaşdırılmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. 

Qeyd edək ki, 368 səhifəlik "Məktəb psixoloqunun stolüstü kitabı"nın nəşrində məqsəd məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək olmaqdır. Layihəni BP-nin dəstəyi ilə yerli təşkilat AZEDU MMC həyata keçirib. "Məktəb psixoloqunun stolüstü kitabı"nı Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, ADPU-nun Şəki filalının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev, Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şəbəsinin müdiri, dosent Laləzər Cəfərova, Bakı şəhər 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimi, klinik psixoloq, loqoped Babək Əlizadə və başqaları hazırlayıblar.

Xəbər lenti