Logo

Dərslik komplektlərinin məzmunu gender bərabərliyi baxımından təhlil edilib

01.07.2022 12:09 375 baxış
IMG

Təhsil İnstitutu tərəfindən hazırlanan və hazırda ümumi təhsil pilləsində tətbiq olunan dərslik komplektlərinin məzmunu genderə həssas prizmadan təhlil edilib. Dərslik komplektləri Təhsil İnstitutu və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Ümumi təhsildə genderyönümlü yanaşmanın təşviqi” layihəsi çərçivəsində hazırlanıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, ümumilikdə 7 dərslik komplekti (12 dərslik, 12 iş dəftəri və 10 metodik vəsait) gender bərabərliyinin təşviqi baxımından nəzərdən keçirilib. Təhlilin əsas məqsədi Azərbaycan dili, riyaziyyat və təbiət fənləri üzrə tədris və təlim materiallarında gender bərabərliyinin təşviq edilib-edilmədiyini müəyyənləşdirmək və buna maneə yaradan məqamları aydınlaşdırmaq olub. Məzmunda genderyönümlülüyün qiymətləndirilməsini aparmaq üçün mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən UNESCO-nun müvafiq bələdçisi (Guidelines for textbook review and analysis from a gender perspective) əsasında metodologiya sənədi hazırlanıb. Qiymətləndirmə zamanı dərslik komplektlərində yer alan həm yazılı, həm də təsviri nümunələr gender, peşə, şəxsiyyət, ailədaxili və ailəxarici, ata və ananın rolları kimi istiqamətlər üzrə təhlil edilib.

Əldə olunan nəticələr əsasında irəli sürülən düzəliş və təkliflər hər vəsait üzrə yaradılan tövsiyə sənədində verilib. Mütəxəssislər tərəfindən hazırlanan tövsiyə sənədi seçilmiş dərsliklərin təkmilləşdirilməsi prosesində nəzərə alınması üçün Təhsil Nazirliyi və Təhsil İnstitutunun aidiyyəti struktur bölmələrinə təqdim olunacaq. Bundan əlavə, nəşriyyat evlərinin nümayəndələri və dərslik müəllifləri üçün məzmunda gender bərabərliyinin qorunması məqsədilə təlimlər təşkil ediləcək.

Qeyd edək ki, “Ümumi təhsildə genderyönümlü yanaşmanın təşviqi” layihəsi BMT-nin Əhali Fondunun maliyyə vəsaiti ilə icra edilir. Layihənin bir qismi, həmçinin Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda genderəsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı tərəfindən maliyyələşdirilir.

Xəbər lenti