Logo

Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi keçiriləcək

01.07.2022 10:45 295 baxış
IMG

11 – 16 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Qubada siyasi elmlər və diplomatiya üzrə yay məktəbi təşkil ediləcək.

Tehsil.biz xəbər verir ki, yay məktəbinin keçirilməsində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır. 

Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə siyasi elmə marağın artırılmasına hədəflənən yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:

• Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri;
• Yuxarıda qeyd olunan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son iki ildə məzun olmuş gənc peşəkarlar.;
• Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə bacarığı, komanda işi, şəxsi səmərəlilik, düzgün qərarlar qəbul etmək bacarıqların sahib gənclər.

Yay məktəbində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur:

https://forms.gle/AjNQm8kc9nNaBgU78

Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi 5 iyul 2022-ci il müəyyən edilib.

Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq.

Yay məktəbinin bir çox sessiyaları ingilis dilində nəzərdə tutulduğundan, ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyətinin olması (Digər dilləri bilmək üstünlükdür) arzuolunandır.

Qeyd edək ki, yay məktəbi zamanı yüksək ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır.

Əlaqə: [email protected] (Subject: Summer School)

Qeyd: Təlimlər ingilis və azərbaycan dillərində keçiriləcək.

Xəbər lenti