Logo

Sahib Nağıyev: Azərbaycan qlobal miqyasda dinlərarası dialoqun genişlənməsində yaxından iştirak edir

30.06.2022 20:48 389 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev iyunun 24-də Avstriyanın paytaxtı Vyana şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Avstriyadakı Səfirliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Sülh və əməkdaşlıq naminə dinlərarası dialoqun təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.  

Sədr müavini Azərbaycanda dini konfessiyalara qayğı, tolerant və multikultural ənənələr, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa, onun reallaşmasına verdiyi önəm barədə danışıb.

Bildirilib ki, Azərbaycan cəmiyyəti dünyada sülhün və əmin-amanlığın yaradılmasında dini müxtəlifliyin və tolerant mühitin rolunu yüksək qiymətləndirir. Respublikamız 2008-ci ildən başlayaraq “Bakı prosesi”  adlandırılan və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən  platformanın təşəbbüskarı kimi qlobal miqyasda dinlərarası dialoqun  genişlənməsində yaxından iştirak edir. Azərbaycanda  mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, müxtəlif dini konfessiyalar arasında həmrəyliyin dərinləşməsi üçün yaradılmış qanunvericilik bazası dinlərarası dialoqun hüquqi-siyasi əsasını təşkil edir. Xalqımızın qədim dövlətçilik təcrübəsindən və müasir dövrün  reallıqlarından çıxış edilərək ölkəmizdə  dinlərarası dialoqun məqsəd və prinsipləri müəyyən olunur. Bu dialoqla bağlı Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən tədbirlər dünyada dini-ekstremist dairələrin dinlə manipulyasiya cəhdlərinin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. 

Çıxışı zamanı ölkəmizdəki dövlət və dini icmalar arasında münasibətlərin yüksək səviyyədə qurulmasını xüsusilə vurğulayan S.Nağıyev qeyd edib ki, ölkə rəhbərliyinin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, ölkədəki tolerantlıq mühiti daha da inkişaf etdirilir. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq dini konfessiyalara maliyyə yardımı göstərilir, ölkədə yaşayan müxtəlif din nümayəndələrinə xüsusi diqqət göstərilir.

 Dövlətin maddi-mədəni irsə verdiyi dəyərə toxunan Dövlət Komitəsinin sədr müavini bildirib ki, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Ermənilər tərəfindən yerlə-yeksan edilən dini ibadətgahların Birinci vitse-prezident Mehriban xanım Əliyavın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpa prosesinin başladığını diqqətə çatdıran S.Nağıyev tövlə kimi istifadə edilməklə təhqir olunan məscidlərimizlə yanaşı, Alban xristian memarlığını özündə əks etdirən IV-XVI əsrlərə aid Alban kilsələri - Laçın rayonu ərazisində yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksi və Gəncəsər monastrı kimi əsir abidələrimizin artıq öz həqiqi sahiblərinə qaytarıldığını qeyd edib.

Xəbər lenti