Logo

Elm tariximizin parlaq siması

30.06.2022 10:13 296 baxış
IMG

İyunun 30-da akademik Cəlal Əliyevin doğum günüdür

Nə qədər qəribə səslənsə də, mənsub olduqları cəmiyyət, xalq naminə həyatlarını şam kimi əridərək, qəlblərini və idraklarını günəş kimi şölələndirərək gələcəyə işıq salan və bu yolda hər cür məşəqqətlərə, haqsızlıqlara, fiziki və mənəvi iztirablara tab gətirən insanlar həqiqi və əbədi ilahi xoşbəxtliyə qovuşur, həyatları və əməlləri ilə “İnsan - yaradılmışların əşrəfidir” ifadəsini dönə-dönə doğruldurlar. Bu dünyada əsl xoşbəxtliyi dərin mənalı, xalqı üçün, bütün bəşər üçün faydalı, dəyərli və yaradıcı bir ömür sürən məhz bu cür insanlar hiss edirlər. Belə şəxsiyyətlər dünyalarını dəyişdikdən sonra da əməl dəftərləri heç zaman qapanmır, şəxsiyyətləri unudulmur, xeyirxah işləri, yaratdıqları ilə daim xatırlanır, əməyinin bəhrələri və yetişdirdiyi ardıcılları ilə yaşamlarını davam etdirirlər. Bəşəriyyət, onun tarixi təşəkkülü, inkişafı və xilası üçün məhz bu cür insanların həyatda buraxdıqları izlərə, yaratdıqları elmi biliklərə borcludur. Ümummilli liderimiz Heydər Əliyev təsadüfən deməyib ki: “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”. Bütün həyatı və elmi yaradıcılığı mənəvi yüksəliş və kamilliyin, öz xalqına və dövlətinə sədaqətlə xidmət etməyin simvoluna çevrilmiş, Azərbaycan xalqının elm və mədəniyyətini dünya miqyasında tanıtdıraraq, ona şərəf və başucalığı gətirmiş böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyev məhz belə bir şəxsiyyət olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovanın “Elm tariximizin parlaq siması” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bütün həyatını elmə, elmin təmizliyi və elmi həqiqətin təntənəsi prinsiplərinə həsr etmiş, yalnız Azərbaycanda deyil, bütün dünya üzrə elmin nüfuzlu simalarından olmuş akademik Cəlal Əliyev özünün dərin zəkası, güclü erudisiyası, sanballı tədqiqatları, parlaq əməlləri ilə Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə misilsiz xidmətlər göstərib, keçdiyi şərəfli həyat yolu hər bir alim, o cümlədən tələbələri, ardıcılları üçün həyat dərsi, müdriklik və mükəmməllik məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsi olub. Alimin zəngin elmi irsi, konsepsiyaları nəinki Azərbaycan, hətta dünya elminin parlaq səhifəsini təşkil edir.

Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da qədim Naxçıvan şəhərində Azərbaycan tarixinə, dövlətçiliyinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş bir ailədə dünyaya göz açıb. 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun Təbiət elmləri fakültəsini, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, əmək fəaliyyətinə isə II kursda oxuyarkən universitetin Bitki fiziologiyası kafedrasında laborant kimi başlayıb. Cəlal Əliyev 1951-1954-cü illərdə akademik Müzəffər Abutalıbovun rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasının Bitki fiziologiyası laboratoriyasının aspirantı olub, 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki fiziologiyası şöbəsində kiçik elmi işçi, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifəsində çalışıb, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləyib, 1990-cı ildən Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik edib. Alim 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi Azərbaycanda biologiya elminin təşkilində fədakarlıqla çalışıb. Böyük alim 1955-ci ildə bitki fiziologiyası ixtisası üzrə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. 1970-ci ildən başlayaraq Cəlal Əliyevin rəhbərlik etdiyi qrup, laboratoriya və şöbələrdə aparılan kompleks tədqiqat işlərinin əsas istiqaməti kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığının reallaşdırılmasının fizioloji-genetik əsaslarının öyrənilməsinə yönəldilib.

Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitkilərin seleksiyası sahəsində yeni elmi nəzəriyyənin formalaşdırılması akademik Cəlal Əliyevin böyük xidmətidir. O, ilk dəfə təcrübi yolla yeni intensiv tipli sortların yaradılmasına və tətbiqinə imkan verən fundamental elmlə sahə tədqiqatlarının yeni formada vəhdətini, inteqrasiyasını yaradıb. Qiymətli fotosintez əlamətlərinin irsən keçməsinin və ümumiyyətlə, irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası – “ideal” tipə yaxın sortların yaradılması üzrə məqsədyönlü seleksiya işlərinin kompleks şəkildə həyata keçirilməsi onun adı ilə sıx bağlıdır. Görkəmli alimin seleksiyaçı intuisiyası, hərtərəfli, dərin nəzəri və praktiki bilikləri, innovativ ideyaları, gərgin zəhməti sayəsində yeni intensiv buğda və digər bitki sortlarının yaradılması mümkün olub.

Böyük alimin biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib.

Azərbaycan elmi tarixində ilk dəfə olaraq, üzvi aləmin əmələ gəlməsinin, təbiətin əsrarəngiz və əvəzolunmaz inkişafının əsası olan fotosintez prosesinin və fotosintez hadisəsinə xarici mühit amillərinin təsirinin əsaslı şəkildə öyrənilməsi dərin fundamental elmi biliklərə malik olan akademik Cəlal Əliyev tərəfindən həyata keçirilib. Məhz fotosintez və fototənəffüs prosesləri ilə bağlı akademik Cəlal Əliyevin əldə etdiyi nailiyyətlər, uğurlu elmi yaradıcılığı təkcə Azərbaycanın deyil, həmçinin dünyanın biologiya və aqrar elmləri üçün böyük əhəmiyyət daşıyır. Görkəmli alim apardığı multidisiplinar tədqiqat istiqamətlərinin inteqrasiyası ilə “yaxşı” fotosintez haqqında yeni təsəvvür yaradıb, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması problemlərini həll edən ideyalar irəli sürmüşdür. Cəlal Əliyev tərəfindən fotosintez və fototənəffüs proseslərinin müqayisəli tədqiqi ilə aşkar edilib ki, fototənəffüs bitkilər üçün həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif üsullarla bu prosesi azaltmaq cəhdləri əsassızdır. Onun fototənəffüs prosesi ilə bağlı əldə etdiyi qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılıb.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən artıq elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapıb. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi təqdirəlayiq fəaliyyət göstərib. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə o, əsil vətəndaş mövqeyi tutub, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr verib. Cəlal Əliyevin 1995–2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olub. Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar alıb, xarici ölkələr tərəfindən təltif edilib. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb.

Akademik Cəlal Əliyevin biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya yönümlü müxtəlif ali təhsil müəssisələrindən şəxsi təşəbbüsü ilə xüsusi ustad himayəsi və uzaqgörənliklə seçərək rəhbərlik etdiyi laboratoriya və şöbələrə işə cəlb etməklə 65 il ərzində yetişdirdiyi 300-ə yaxın alim, bilavasitə elmi məsləhətçiliyi və rəhbərliyi ilə hazırlanmış 15 elmlər doktoru, 81 elmlər namizədi bu gün Azərbaycanda və dünyanın onlarla qabaqcıl ölkəsinin tanınmış elm və təhsil mərkəzlərində, nüfuzlu universitetlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, akademik Cəlal Əliyevin elmi məktəbini və ümumən Azərbaycan elmini layiqincə təmsil edirlər.

Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 2021-ci ildə yeni texnologiya əsasında protein əsaslı vaksin hazırlanıb və Ümumdünya Səhiyyə Təşkilatının sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib.

Akademik Cəlal Əliyev məktəbinin daha bir yetirməsi, biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun İdarəolunan fotosintez laboratoriyasının müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev bir ay öncə elmin inkişafında və elmi kadrların hazırlığındakı böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə fiziki-kimyəvi biologiya ixtisasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Xatırlatmaq yerinə düşər ki, tanınmış alim Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2022-ci il 21 mart tarixli sərəncamı ilə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb. O, əldə etdiyi elmi nailiyyətlərə görə 2021-ci il üçün Qlobal Enerji Assosiasiyasının “Qlobal enerji” mükafatı ilə təltif olunub.

Akademik Cəlal Əliyevin tələbələri arasında, həmçinin Böyük Britaniya Kembric Universitetinin Kompüter kristalloqrafiyası qrupunun rəhbəri professor Qərib Mürşüdovun, ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru olmuş, hazırda ABŞ-ın İndiana Universitetinin proqram rəhbəri vəzifəsində çalışan professor Vidadi Yusibovun, Cənubi Koreya Pusan Dövlət Universitetinin professoru İsmayıl Zülfüqarovun, Avstraliyanın (Melburn) RMİT Universitetinin professoru Aydın Muradovun, ABŞ Ümumi Genom İnstitutunun əməkdaşı doktor Asəf Salamovun və b. adlarını fəxrlə çəkmək olar.

Qeyd etmək lazımdır ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması akademik Cəlal Əliyevin adı ilə bağlıdır. AMEA-nın 2014-cü il iyunun 30-da keçirilmiş Ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib, 2016-cı il martın 1-də institut Ədliyyə Nazirliyində qeydiyyata alınıb və 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyətə başlayıb.

Həyatın qəribəliklərindən biri də budur ki, institutun müstəqil qurum kimi yaranma tarixi məhz Azərbaycanda biologiyanın yeni istiqamətlərinin banisi Cəlal Əliyevin ad günü ilə bir vaxta düşür. Akademik Cəlal Əliyevin qiymətli əmanəti və yadigarı olan AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu bu gün özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Bu fakt özünü əldə edilən elmi tədqiqatların nəticələrində, beynəlxalq əməkdaşlığın təşkilində və kadr hazırlığında xüsusilə göstərir. Fotosintez elminə verdiyi dəyərli töhfələr böyük alimə həqiqi dünya şöhrəti qazandırıb. Beynəlxalq Fotosintez Cəmiyyətinin (ISPR – International Society on Photosynthesis Research) akademik Cəlal Əliyevin adına mükafat (“The Jalal Aliyev Lecture Award”) və medal təsis etməsi bunun əyani sübutu olmaqla Azərbaycan elm tarixi üçün çox önəmli bir hadisə, xalqımız üçün qürurverici bir faktdır. Bu mötəbər beynəlxalq mükafat akademik Cəlal Əliyevin Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi və kompüter biologiyası, bioinformatikanın bünövrəsinin qoyulmasında, yaradılıb formalaşdırılmasında, bu istiqamətlər üzrə aktual problemlərin həllində, bütövlükdə biologiya və aqrar elmlərin inkişafında, həyatın mövcudluğunun əsası olan fotosintez prosesinin kompleks tədqiqində əldə etdiyi mühüm nailiyyətlərin, böyük alimin fundamental və tətbiqi tədqiqatlarla zəngin elmi məktəbinin dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilməsinin daha bir təsdiqidir.

ISPR-in təşkilatçılığı ilə 2022-ci il iyulun 31-dən avqustun 5-dək Yeni Zelandiyanın Dunedin şəhərində “Fotosintez tədqiqatları – enerji və ərzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elm” mövzusunda hibrid formada keçiriləcək 18-ci Beynəlxalq Konqresdə Melvin Calvin-Andrew Benson, Robert Hill və Jan Andersson kimi nüfuzlu alimlərin adına təsis edilmiş mükafatlarla yanaşı, Cəlal Əliyev mükafatı fotosintez elminin inkişafına böyük töhfələr verən bir alimə təntənə ilə təqdim ediləcəkdir. Bu bir daha onu göstərir ki, BÖYÜK ALİM bu gün həyatda olmasa da, Azərbaycan elminin dünyada təbliğinə xidmətini davam etdirir. Qoy Cəlal müəllimin ruhu həmişə şad olsun...

Xəbər lenti