Logo

Rasim Əliquliyev: Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərimizdəndir

30.06.2022 00:36 317 baxış
IMG

Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərimizdəndir.

Tehsil.biz xəbər verir ki, Bunu AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev görkəmli alim, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Akademik Rasim Əliquliyev Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, akademik İbrahim İbrahimovun riyaziyyat elminin inkişafındakı xüsusi rolundan söz açıb. Qeyd edib ki, Azərbaycan milli riyaziyyatçılar elitasının ən görkəmli nümayəndələrindən biri olan İbrahim İbrahimov adını ölkəmizdə riyaziyyat elminin inkişafı tarixinə qızıl hərflərlə yazıb. Böyük alim Azərbaycanda elmi təfəkkürün formalaşması, orta və ali təhsil müəssisələrində riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi istiqamətində, müvafiq sahədə pedaqoji sistemin qurulması, elmi tədqiqatların səmərəliliyinin artırılması, peşəkar kadrların yetişdirilməsində misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, akademik İbrahim İbrahimov M.V.Keldış, A.O.Qelfond, S.N.Bernşteyn kimi sovet dövrünün riyaziyyat məktəbinin ən yüksək zirvəsinə yüksəlmiş alimlərlə birgə fəaliyyət göstərib, onların bilik və təcrübəsindən bəhrələnərək riyaziyyat elminin dahilərindən biri kimi formalaşıb, Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən olub. “2010-cu ildən bu günədək olan dövr ərzində “Google Scholar” beynəlxalq elmi bazasında İbrahim İbrahimovun elmi əsərlərinə çoxsaylı istinadlar edilib. Bu da görkəmli alimin tədqiq etdiyi ciddi elmi problemlərin indiki dövrdə də böyük aktuallığa malik olduğunu bir daha sübut edir”, – deyə vitse-prezident bildirib. Akademik Rasim Əliquliyev əlavə edib ki, hazırda müstəqil Azərbaycan dövlətinin maraqlarının təmin olunması kontekstində İbrahim İbrahimovun tükənməz enerji və gərgin əməyinin, yeni elmi axtarışlarının məhsulu olan mühüm elmi nəticələrə əsaslanan fundamental elmi tədqiqatların aparılması olduqca zəruridir.

Rasim Əliquliyev ən mürəkkəb tarixi proseslərin baş verdiyi dövrdə yaşamış alimin həyatını elmə, təhsilə, maarifçiliyə həsr etdiyini vurğulayıb. O, akademik İbrahim İbrahimovun fitri istedadı, tükənməz enerjisi və gərgin axtarışlarının gələcək nəsillər üçün böyük bir məktəb olduğunu və bu məktəbin davamçılarının görkəmli elm fədaisinin zəngin elmi irsini daha dərindən tədqiq etmələrinin önəmini qeyd edib.

Xəbər lenti