Logo

AMEA Rəyasət Heyətinin iclası keçirilib

30.06.2022 00:14 261 baxış
IMG

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin açıq iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri ilə yanaşı, elmi ictimaiyyətin nümayəndələri, doktorant və dissertantlar, eləcə də digər aidiyyəti şəxslər iştirak ediblər.

İclası AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq Rəyasət Heyətinin açıq iclaslarının davamlı şəkildə təşkil olunmasının nəzərdə tutulduğunu bildirib, gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Akademik Arif Həşimov Özbəkistan Respublikasına rəsmi səfərinin nəticələrindən bəhs edib. O, Özbəkistan səfəri çərçivəsində Özbəkistan Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyində olduğunu və görüşlərdə iki ölkə arasında elmi əməkdaşlıq imkanları, onun genişləndirilməsi və gələcək inkişafı məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Alim əlavə edib ki, bu qurumlarla qarşılıqlı maraq doğuran, dövlətlərin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi və texniki problemlər üzrə birgə tədqiqatların aparılması və s. məsələləri nəzərdə tutan əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Arif Həşimov memorandumlardan irəli gələn məsələlərin icrası üçün Özbəkistandan olan nümayəndələrin AMEA-ya dəvət olunduğunu da vurğulayıb.

Müzakirəyə çıxarılan digər məsələ “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar AMEA-nın vəzifələri haqqında olub. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA-nın Elmi innovasiyalar və alternativ enerji texnologiyaları üzrə Elmi şurasına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrasından irəli gələn məsələlərin həllinin təmin edilməsi tapşırılıb.

Akademik Arif Həşimov AMEA-nın magistrlərinə fərqlənmə diplomlarının verilməsi üçün meyarlar haqqında çıxış edib. Bildirib ki, AMEA prezidenti tərəfindən “AMEA-da magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların yaradılması və fəaliyyətinin təşkili” haqqında iyunun 2-də sərəncam imzalanıb. Sərəncamın 5.2. bəndinə əsasən, fərqlənmə diplomlarının verilməsi üçün bir sıra meyarlar müəyyənləşdirilib. Bu meyarlara əsasən, ümumi orta müvəffəqiyyət göstəricisi 91 baldan yüksək olan, dissertasiya mövzusuna aid ən azı 1 məqalə və 1 tezisi çap olunmuş və magistrlik dissertasiyasını yüksək səviyyədə müdafiə edən magistrantlara fərqlənmə diplomlarının verilməsi nəzərdə tutulub.

AMEA Rəyasət Heyətinin qərarı ilə sözügedən sərəncama əsasən yaradılmış ixtisaslaşdırılmış müdafiə şuralarının sədrlərinə magistrlərə fərqlənmə diplomların verilməsində həmin sərəncamın 5.2. bəndində göstərilən meyarların nəzərə alınması tapşırılıb.

AMEA-nın Aspirantlar yataqxanasında yaşayan akademiya əməkdaşlarının mənzil təminatı məsələsi barədə danışan akademik Arif Həşimov bu problemlərin həlli üçün xüsusi komissiyanın yaradılması təklifi ilə çıxış edib. Təklif Rəyasət Heyətinin üzvləri tərəfindən qəbul edilib.

İclasda Rəyasət Heyətinin digər qərarları ilə “Həyat Elmləri və Biotibb” jurnalının redaksiya heyətinin, o cümlədən AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiq edilib.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və Əlövsət Quliyevin 75 illik yubileylərinin, eləcə də AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın 90 illik yubileyinin keçirilməsinə dair qərar qəbul edilib.

Digər bir qərarla Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrinin, Azərbaycançılıq ideyasının idealdan ideologiyaya qədərki formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə AMEA-da ictimai əsaslarla fəaliyyət göstərən AMEA-nın “Azərbaycançılıq” elmi-nəzəri seminarının yaradılması qərara alınıb.

Bundan başqa, iyulun 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademiyanın magistrlərinin “Məzun günü”nün keçirilməsi qərara alınıb.

Xəbər lenti