Logo

Lənkəran Dövlət Universitetində qardaşlaşmış şəhərin dilini öyrənirlər

29.06.2022 19:05 293 baxış
IMG

Lənkəran-Monterey qardaşlaşmış şəhərlər münasibətləri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) “Monterey ESL Summer School” (Monterey İngilisdilli Yay Məktəbi) işə başlayıb.

Tehsil.biz xəbər verir ki, universitetdə bu yaxınlarda açılan “Amerika güşəsi”ndə təşkil edilən proqram yerli müəllim və tələbə heyətinin ingilis dilində nitq və yazı qabiliyyəti, ünsiyyət bacarıqlarının artırılmasına xidmət edir. Dərslər mühazirələr, əyani vasitələrlə çalışmalar, praktiki qrup tapşırıqları şəklində keçirilir. Yay məktəbini uğurla bitirən iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Açılış mərasimində çıxış edən LDU-nun rektoru Natiq İbrahimov bu təşəbbüsün gələcəkdə qardaşlaşmış şəhərlərdə yerləşən təhsil ocaqları arasında sıx əməkdaşlığa, o cümlədən tələbə mübadiləsinə gətirəcəyinə əminliyini bildirib.

Monterey-Lənkəran Dostluq Assosiasiyasının həmsədri, Monterey şəhərinin sabiq vitse-meri Nənsi Selfric isə 2011-ci ildə başlanan Monterey-Lənkəran qardaşlaşmış şəhərlər münasibətlərinin bu müddət ərzində qarşılıqlı səfərlər və həyata keçirilən müxtəlif layihələrlə inkişaf etdiyini vurğulayib. “Mən bura hər səfərimdə Azərbaycana daha böyük rəğbət bəsləyirəm, amma Lənkəranın yeri mənim üçün xüsusidir”, - deyən qonaq növbəti yay proqramlarına Amerika tərəfindən daha çox sayda müəllimlərin qoşulacağını qeyd edib.

Monterey-Lənkəran Dostluq Assosiasiyasının digər həmsədri, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva isə əlavə edib ki, Lənkəran-Monterey qardaşlaşmış şəhərlər münasibətləri Azərbaycanla Amerika arasında ictimai diplomatiyanın uğurlu nümunələrindəndir.

“Xalq diplomatiyası” da adlandırılan ictimai diplomatiya qloballaşma dövründə müxtəlif ölkələrin ictimaiyyətlərinin bütün səviyyələrində yaradılan təmaslarla dövlətlərin siyasi məqsədlərini, maraqlarını, dəyərlərini daha yaxşı tanıtmağa xidmət edir. ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində yerləşən Hərbi Dəniz Donanması Ali Məktəbinin azərbaycanlı tələbələrinin təşəbbüsü ilə yaradılan Lənkəran-Monterey qardaşlaşmış şəhərlər münasibətləri Azərbaycanın multikultural siması və zəngin irsini Monterey yarımadasında tanıda bilib.

Monterey İngilisdilli Yay Məktəbinin açılışında Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Yay məktəbi iki həftə ərzində davam edəcək.

Xəbər lenti