Logo

Rektor: "Vətən müharibəsində əldə edilmiş qələbəyə BDU-nun 200-ə yaxın məzun və tələbəsi imza atıb"

29.06.2022 18:15 363 baxış
IMG

"Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 min nəfərədək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib".

Tehsil.biz xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev məzun günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Rektorun sözlərinə görə, 103 il bundan əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə bu gün 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır:

"BDU-da 3000-ə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Universitetdə 2 elmi-tədqiqat institutu, Mükəmməllik Mərkəzi, araşdırma və tədris laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, "Gənc istedadlar" liseyi fəaliyyət göstərir. Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 min nəfərədək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib. BDU-nun məzunları tarix boyu ölkə quruculuğunda çox yaxından iştirak ediblər, indi də bu məsuliyyətli və eyni zamanda nəcib missiyanı yerinə yetirirlər".

Rektor qeyd edib ki, işğaldan azad edilmiş əzəli torpaqlarımızda üçrəngli Zəfər bayrağını ucaldanlar sırasında BDU-nun tələbə və məzunları da var:

"44 günlük Vətən müharibəsində gənclərimizin canı və qanı hesabına əldə edilmiş qələbəyə Bakı Dövlət Universitetinin 200-ə yaxın məzun və tələbəsi imza atıb, onlardan 19 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, onların əziz xatirəsini yaddaşımıza əbədi həkk edirik. Şübhəsiz ki, bu nailiyyətlərin əldə edilməsində keçmişdə və hazırda Universitetdə çalışan, doğma respublikamızın elm və təhsil tarixində özünəməxsus yeri və rolu olan yüzlərlə dəyərli insanların, əziz müəllimlərimizin müstəsna xidmətləri olub. Bu müqəddəs insanlar həqiqətən böyük hörmət və ehtirama layiqdirlər. Şübhə etmirik ki, universitet yaxın gələcəkdə elmi tədqiqatların əhatə dairəsinin və keyfiyyətinin daha da artırılması yolu ilə ölkəmizin ilk Tədqiqat Universiteti statusunu əldə edəcək".

Xəbər lenti