Logo

ADU Azərbaycan-Pakistan təhsil və elm əlaqələrinin qurulmasında yaxından iştirak edir - FOTO

28.06.2022 12:54 295 baxış
IMG

Azərbaycanla Pakistan arasındakı münasibətlərin elm və təhsil sahəsində də inkişafı hər birimizi sevindirir. Azərbaycan Dillər Universiteti bu münasibətlərin qurulmasında yaxından iştirak edir. Pakistan Müasir Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı ADU-nun son illər gördüyü ən mühüm işlərdən biri hesab olunur. Bu nöqteyi-nəzərdən ADU-nun aparmış olduğu işlər xüsusilə seçilir.

Tehsil.biz xəbər verir ki, bunu elmi işlər üzrə prorektor professor Novruz Məmmədovun Pakistan səfəri ilə bağlı açıqlamasında deyib. O bildirib ki, ADU-nun rektoru akademik Kamal Abdullanın ölkələr arasında təhsil və elm sahəsində əlaqələrin qurulmasındakı uğurlu addımlarından biri kimi bu layihəni xüsusi qeyd etmək olar: “Bu layihə həm elmi, həm də siyasi baxımından çox önəmli layihədir. Həm ADU-da Pakistan Mərkəzinin fəaliyyət göstərməsi, həm də Pakistanda Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması beynəlxalq müstəvidə əməkdaşlıq platformasında yeni imkanların yaradılması deməkdir. Hər iki ölkə arasında qurulan əlaqələrin daha da inkişaf etdirilməsi üçün ADU öz töhfəsini vermək istəyir və buna da nail olur. Beynəlxalq aləmdə Pakistan-Azərbaycan münasibətlərinin bir-birinə yaxınlığını, diqqətin yüksək səviyyədə olmasını və səmimiliyi digər ölkələr arasında görə bilmərik. Onu da qeyd edim ki, Pakistan Müasir Dillər Universitetində qonaq olarkən bizi çox səmimi qarşıladılar. ADU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərəcəyi otaq kifayət qədər geniş və səliqəlidir. Bu da bir daha bizim münasibətlərə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir”.

N.Məmmədov əlavə edib ki, Pakistan Müasir Dillər Universitetində ADU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimində Pakistanın xarici işlər nazirinin müavini, universitet rəhbərliyi, bir sıra mötəbər qonaqlar və ziyalılar iştirak ediblər: “Həmin tədbirdə mənim də çıxışım oldu. Aparılan müzakirələrdə bir sıra təkliflər irəli sürüldü. Bu müzakirələrin birində bir ideya səsləndirdim. Pakistan televiziyasında Azərbaycan dilində səslənən sözlərə rast gəldiyimi söylədim. Mənə bildirdilər ki, urdu dilində on minə yaxın türk mənşəli söz var. Mən də məhz bununla bağlı birgə elmi-tədqiqat işinin aparılmasının zəruriliyini vurğuladım. Bu, həm Azərbaycan dilçiliyinə, həm də urdu dilçiliyinə, ümumilikdə isə dilçilik elminə böyük töhfə vermiş olar. Mənim bu ideyam müsbət qarşılandı. Düşünürəm ki, gələcək əməkdaşlıq üçün məhz bu amil əlavə stimul olacaq”.

Xatırladaq ki, iyunun 5-də Pakistanın Müasir Dillər Universitetində ADU-nun təşəbbüsü və təşkilatçılığı, eləcə də ölkəmizin Pakistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub.

Xəbər lenti