Logo

Ali məktəbə qəbul imtahanında yüksək nəticə göstərən məzunla görüş keçirilib -FOTOLAR

25.06.2022 13:08 452 baxış
IMG

Abşeron-Xızı Regional Təhsil İdarəsinin (RTİ) müdiri İlhamə Abdullayeva I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında maksimum bal toplamış Saray qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Elnur Mərdiyevlə görüşüb.

Tehsil.biz xəbər verir ki, Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, məktəbin direktoru və məzunun valideyni iştirak edib.

Görüş zamanı Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva Elnur Mərdiyevi ölkə üzrə maksimum 400 bal toplayan abituriyentlərdən biri olması münasibəti ilə təbrik edib, ona gələcək təhsil həyatında daha yüksək nailiyyətlər əldə etməyi arzulayıb. İlhamə Abdullayeva şagirdlərin uğurlarının arxasında onların öz əzmkarlıqları ilə yanaşı valideynlərinin və müəllimlərinin danılmaz əməyi olduğunu vurğulayıb.

Bildirilib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları tikilir, mövcud məktəblər əsaslı təmir olunur. Görülən işlər sayəsində gənclərin yüksək səviyyədə təhsil almaları və müstəqil ölkəmizə layiqli vətəndaş olmaları üçün lazımi şərait yaradılır.

Daha sonra RTİ-nin müdir müavini Coşqun Əliyev, Saray qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Asəf Bayramov məzunu təbrik edib, uğurlarının davamını arzulayıblar.

Elnur Mərdiyev səmimi qəbula, diqqət və qayğıya görə RTİ rəhbərliyinə təşəkkür edib və gələcək fəaliyyətində ona olan ümidləri doğruldacaqlarına söz verib.

Görüşün sonunda qəbul imtahanında yüksək nəticə göstərən məzuna hədiyyə və fəxri fərman təqdim olunub.

 

Xəbər lenti